Bakı. Günaydın:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın
“KazMunayQaz” şirkəti bu il Aktaudan Bakıya neft nəqlinin 1,7
milyon tona çatdırılması planlarını müzakirə ediblər.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə “KazMunayQaz”dan məlumat verilib.
Bu məsələ SOCAR-ın rəhbəri Rövşən Nəcəflə qazaxıstanlı həmkarı
Asxat Xasenov arasında keçirilən görüşdə müzakirə olunub.
<!—->
<!––>
“Tərəflər Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan marşrutu ilə
nəqlinə dair 2022-ci ildə imzalanmış sazişin gedişatını müzakirə
ediblər. 2024-cü ilin yekunlarına görə, nəqlin həcmi 1,4 milyon ton
təşkil edib. Cari il üçün plan 1,7 milyon ton neftdir”, – şirkətdən
bildiriblər.
Qeyd edək ki, Bakıda SOCAR, Qazaxıstanın “KazMunayQaz”,
Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbekneftegaz” şirkətlərinin
nümayəndələrinin iştirak etdiyi “Energetika sektorunda
rəqəmsallaşma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda
beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində şirkət
rəhbərləri rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi
sahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalayıblar.