Bakı. Günaydın:
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek
Omuraliyev, Brüsseldə keçirilən TDT-nin Regional Su Forumunda
məruzə ilə çıxış edib. Tədbir TDT, Macarıstan İxracın Təşviqi
Agentliyi (HEPA) və Quraqlığın Qarşısının Alınması İnstitutunun
birgə təşkilatçılığı ilə baş tutub.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, forumda Belçika Krallığında akkreditə olunmuş TDT-yə üzv
dövlətlərin diplomatik missiyalarının rəhbərləri, yüksəkvəzifəli
rəsmilər, ekspertlər, eləcə də türk dövlətlərində və onların
hüdudlarından kənarda su ehtiyatlarının idarə edilməsi və
davamlılığı ilə bağlı aktual problemlərin həllinə maraq göstərən
tərəflər iştirak edib.
Tədbirin gündəliyi regional əməkdaşlığın inkişafı, dayanıqlı su
texnologiyalarının təşviqi və yaşıl inkişafa investisiya
imkanlarının araşdırılması məsələlərinə yönəlib.
Kubanıçbek Omuraliyev çıxışında su çatışmazlığı və iqlim
problemlərinin həllində regional əməkdaşlığın müstəsna əhəmiyyətini
vurğulayıb. O, quraqlıq və digər ekoloji təhdidlərə qarşı
dayanıqlılığı artırmaq üçün TDT-nin innovativ həllər və tədbirlər
hazırlamaq sahəsindəki rolunu qeyd edib.
<!—->
<!––>
Forumda su texnologiyaları sahəsində səmərəli həllərin təmin
olunmasında türk dövlətləri arasında tərəfdaşlığın rolu müzakirə
edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Qlobal
Yaşıl İnkişaf İnstitutu (GGGI) və digər beynəlxalq təşkilatların
nümayəndələri də forumdakı müzakirələrdə fəal iştirak ediblər.
Tədbir çərçivəsində TDT-nin Quraqlığın Qarşısının Alınması
İnstitutunun əməkdaşları iştirakçılara bu qurumun fəaliyyəti,
məqsədləri və həyata keçirdiyi təşəbbüslər haqqında məlumat
veriblər.
Forum çərçivəsində HEPA, Macarıstan Ekoloji Müəssisələr
Assosiasiyası və “KEXPORT” klasteri arasında texnoloji həllərin
tətbiqi və türk dövlətləri üçün potensialın artırılmasına yönəlmiş
Anlaşma Memorandumu imzalanıb.