Bakı. Günaydın:
Lokal antiterror tədbirlərinin nəticələrinin yaratdığı yeni
geosiyasi reallıqlar fonunda Azərbaycan diplomatiyasının əsas
vəzifələrindən biri də ölkə reallıqlarının beynəlxalq miqyasda və
müxtəlif təşkilatlar çərçivəsində təbliği, Ermənistanın və onun
havadarlarının informasiya cəbhəsində zərərsizləşdirilməsidir.
Rəsmi Bakı Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları
regiondakı reallıqlarla tanış etmək, ölkəmizin haqlı, ədalətli
yanaşmasını, sülh və sabitlikdə maraqlı olmasını onlara obyektiv
şəkildə çatdırmaq istiqamətində ardıcıl tədbirlər həyata
keçirir.
Bu kontekstdə müsəlman ölkələrini bir araya gətirən
təşkilatlarla – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla
əməkdaşlıq ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən
birini təşkil edir. Uzun illər işğal altında saxlanılmış
ərazilərimizdə İslam mədəniyyətinə xas tarixi, mədəni, dini
abidələrin dağıdılması və yaxud “erməniləşdirilməsi” ilə bağlı
faktların təşkilata üzv ölkələr vasitəsilə dünya ictimaiyyətinə
çatdırılması bu fəaliyyətin başlıca qayəsində yer alır.
Rəsmi Bakı müsəlman dövlətlərinin müxtəlif əməkdaşlıq
modellərini dəstəkləyir, qlobal proseslərə təsir imkanları olan
qurumlara üzvlüyü zəruri hesab edir. Uğurlu iqtisadi inteqrasiya
modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində
xüsusi çəkiyə malik olan İnkişaf etməkdə olan səkkiz ölkənin
İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) 2024-cü ilin dekabr ayında
tamhüquqlu üzv olan Azərbaycan daha bir hədəfini reallaşdırıb.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz İslam ölkəsini
birləşdirən D-8 1996-cı il oktyabrın 22-də Türkiyənin o zamankı baş
naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılıb. Türkiyə
Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan
və son aylarda Azərbaycanı sıralarında birləşdirən təşkilatın
yaranması 1997-ci il iyunun 15-də İstanbulda rəsmən elan olunub.
Əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək,
iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirmək olan D-8-ə üzv
ölkələrdə 1,3 milyard insanın yaşaması, onların ümumi daxili
məhsulunun 3,8 trilyon, ticarət həcminin 1,6 trilyon dollar (Dünya
ticarətinin 4,5 faizi) civarında olması təşkilata üzvlüyün
iqtisadi-siyasi əhəmiyyətini bir daha təsdiq edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti və təşəbbüsü
əsasında Prezident İlham Əliyev hələ 2017-ci il oktyabrın 20-də
qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi
altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak
və çıxış edib. Sonrakı mərhələdə rəsmi Ankara diplomatik səylərini
davam etdirərək Azərbaycanın təşkilata üzvlüyünün əhəmiyyətini
diqqətə çəkib və nəhayət, bu məsələdə yeganə tərəddüdlü mövqe
nümayiş etdirən dövlət olan Misir üzvlüyümüzü dəstəkləyib.
Prezident İlham Əliyev cari ilin yanvar ayında yerli televiziya
kanallarına müsahibəsində ölkəmizin təşkilata üzvlüyünün
əhəmiyyətini yüksək dəyərləndirib, qurumun dünya miqyasında ciddi
güc mərkəzinə çevrilməsinin mümkünlüyü diqqətə çatdırıb. Dövlət
başçısı bildirib ki, İkinci Dünya müharibəsindən sonra dünyada
formalaşmış münasibətlər sistemi artıq köhnəlib və çağdaş tələblərə
cavab vermir: “Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər
və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1
milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin
iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8
ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq
olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv
oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz
diqqətlə nəzərə alınacaqdır”.
Bu günlərdə D-8 təşkilatının Baş katibi İsiak Əbdülqadir İmamın
Bakıya səfəri, keçirdiyi rəsmi görüşlər zamanı aparılan müzakirələr
qurumun yeni üzvü olan Azərbaycanla münasibətləri bütün sahələrdə
inkşaf etdirmək niyyətindən xəbər verir. Baş katib sosial şəbəkə
hesabındakı paylaşımında Azərbaycanın üzv dövlətlərlə ticarət,
nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də
daxil olmaqla, strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın
inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev martın 4-də Baş katib İsiaka Abdulqadir
İmamı qəbul edərkən Azərbaycanın tamhüquqlu üzvlüyünə verilən
dəstəyi, yaranmasından ötən uuzn müddət ərzində quruma ilk üzv
qəbul edilən dövlət olmasını yüksək dəyərləndirib.
Dünyada İslamın terrorla əlaqələndirilməsi cəhdlərinin,
İslamofobiyanın və ksenofobiyanın artdığı, miqrant böhranının
dərinləşdiyi bir dövrdə Azərbaycanın D-8 təşkilatına üzvlüyü
qurumun daha da güclənməsinə, iqtisadi inteqrasiya proseslərinin
güclənməsinə yeni təkan olacaq. Üzv ölkələrin mövcud potensialından
tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət
dövriyyəsinin perspektivdə hazırkı 100 milyarddan 500 milyard
dollara çatdırılması da əsas hədəflərdən biridir.
D-8 təşkilatı ilə əlaqələrin genişlənməsi Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzunun təsdiqi olmaqla, ölkəmizin
çoxtərəfli əməkdaşlıq çərçivəsinin genişlənməsi, beynəlxalq
təşkilatlarla təmaslarının güclənməsi baxımından mühüm rol oynayır.
Azərbaycanın üzv ölkələrin böyük əksəriyyəti ilə həm ikitərəfli,
həm də çoxtərəfli münasibətlərin mövcudluğu ölkəmizin təşkilatdakı
fəaliyyəti üçün mühüm perspektivlər vəd edir.
MTM Analitik Qrup