Bakı. Günaydın:
Hər keçən gün daha da möhkəmlənən Azərbaycan-Türkiyə əlaqələri
artıq Avrasiya miqyasında hadisələrin inkişaf axarına təsir edir,
proseslərə yön verən əsas faktorlardan birinə çevrilir. Elə bunda
irəli gəlir ki, ölkələrimizin mövqeyi dünya miqyasında getdikcə
daha çox nəzərə alınır və bu tendensiyanın davamlı xarakter alacağı
beynəlxalq aləmdə də qəbul olunur. Əldə edilən nailiyyətlərin
miqyasının davamlı xarakter alması, müxtəlif sahələri əhatə etməsi
istiqamətində isə hər iki ölkə tərəfindən müvafiq fəaliyyət həyata
keçirilir. Xüsusən də Azərbaycan və Türkiyə prezidentlərinin
əlaqələri, təmasları ölkələrin milli maraqlarının təmini,
proseslərə yanaşmada ortaq mövqe sərgilənməsi kontekstində önəmli
əhəmiyyətə malikdir.
Azərbaycan və Türkiyə arasında davamlı şəkildə güclənən
qardaşlıq bağları, strateji müttəfiqlik əlaqələrinin inkişafı
ölkələrimiz qarşısında duran çoxsaylı problemlərin uğurla həllinə
imkan verib və bundan sonra da verəcək. Bu işbirliyinin mühüm
nəticələrindən biri də Ermənistanın üzündən illərdir blokada
şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının
enerji təminatının daha təhlükəsiz səviyyəyə çatdırılmasıdır.
Söhbət Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətlərinin
nəticəsi olaraq İğdır-Naxçıvan qaz kəmərinin ərsəyə gəlməsindən
gedir. Türk coğrafiyası üçün mühüm əhəmiyyət kəsb edən Naxçıvanın
enerji təhlükəsizliyinin təmin edilməsi baxımından İğdır-Naxçıvan
qaz kəməri böyük önəm kəsb edir. Naxçıvanın təbii qaza tələbatının
tam ödənilməsində, Muxtar Respublikanın bir mənbədən asılılığının
aradan qaldırılmasında bu kəmər mühüm rol oynayacaq.
Xatırlatmaq lazım gəlir ki, İğdır-Naxçıvan qaz boru xəttinin
inşasına dair qərar hələ 2020-ci il dekabrın 25-də Ankarada
imzalanmış Anlaşma Memorandumu ilə verilib. 2023-cü il sentyabrın
25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə
İğdır-Naxçıvan qaz boru xəttinin təməli qoyulub. O vaxtdan bəri
həyata keçirilən intensiv işlər nəticəsində kəmərin çəkilişi ən
yüksək səviyyədə baş tutub. Boru kəməri gündə 2 milyon kubmetr,
ildə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Müəyyən
modifikasiyalarla kəmərin ötürcülük gücü gündə 5 milyon kubmetrə,
ildə 1,8 milyard kubmetrə kimi artırıla bilər. Amma kəmərin indiki
buraxılış gücü də Naxçıvanın qaza olan illik tələbatını tam şəkildə
ödəməyə imkan verir. Nəzərə alınmalıdır ki, muxtar respublikanın
illik təbii qaz tələbatı təxminən 500 milyon kubmetr təşkil
edir.
İğdır-Naxçıvan boru xəttinin istifadəyə verilməsi ilə Azərbaycan
artıq Naxçıvanı ölkəmizdə hasil edilən, Türkiyə üzərindən nəql
olunan qazla təmin etməyə başlayıb. Buna qədər isə svop ötürmələri
əsasında Naxçıvana qaz İrandan idxal edilirdi. Perspektivdə
Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda buradan da
Azərbaycanın əsas hissəsindən Naxçıvana qaz xəttinin çəkilişi
istisna edilmir. Bundan öncə, Azərbaycan Zəngəzur dəhlizinin
Azərbaycan və Avropa arasında həm nəqliyyat, həm də enerji dəhlizi
kimi istifadə oluna biləcəyi təklifini irəli sürüb. Zəngəzur
dəhlizindən keçəcək boru xətti Azərbaycan və ya digər Xəzər hövzəsi
ölkələrinin qazının Türkiyəyə və Avropaya tranziti üçün yeni
marşrut ərsəyə gətirilməsi demək olacaq. Bundan yararlana biləcək
tərəflərdən biri isə Ermənistandır. Belə vəziyyətdə Ermənistan
Rusiya və İranla yanaşı, digər mənbədə də “mavi yanacaq” idxal
etmək imkanı qazana, təminat mənbələrini şaxələndirə bilər.
Daha bir vacib məsələ Azərbaycan və Türkiyənin enerji sferasında
digər istiqamətlər üzrə də işbirliyinin dərinləşməsi, Naxçıvanın
burada mərkəzi rollardan birini oynayacağıdır. Belə ki, Türkiyənin
elektrik enerjisinə olan tələbatının ödənilməsində perspektivdə
Naxçıvan böyük əhəmiyyət kəsb edəcək. Hələ 2023-cü ildə
İğdır-Naxçıvan qaz boru xəttinin təməli qoyularkən bununla bağlı
Prezident İlham Əliyev qeyd edib: “Naxçıvanın qazı,
nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik
stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu
planlar reallaşarsa, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.
Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik
stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə
Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji
ixracı da mümkün olacaqdır”.
Ötən dövr ərzində Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi
istiqamətində Azərbaycan genişmiqyaslı fəaliyyət həyata keçirib və
bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Bu da o
deməkdir ki, yaxın perspektivdə Naxçıvandan Türkiyəyə yaşıl enerji
ixracı reallaşacaq. Bununla yanaşı, ölkələrimizin əlaqələrinin daha
möhkəm özüllər üzərində qurulmasına Qars-Naxçıvan dəmir yolu da
böyük töhfələr verəcək. Azərbaycan və Türkiyə prezidentlərinin
imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət
Protokolu”, bundan irəli gələn işlər təkcə iki ölkə yox, bütünlükdə
türk dünyası və Avrasiya üçün zəruri önəmə malikdir. Sözügedən
dəmir yolu işə düşdükdən sonra Orta Dəhliz marşrutunun əsas
qollarından birinə çevriləcək. Ümumiyyətlə, Qars-Naxçıvan dəmir
yolu Naxçıvanı bölgənin mühüm tranzit mərkəzlərindən birinə
çevirəcək. Çünki o, Naxçıvanı təkcə Türkiyə ilə yox, həm də Çin,
Avropa dövlətləri, Fars körfəzi ölkələri ilə birləşdirəcək.
Naxçıvan üzərindən yükdaşımalar, Muxtar Respublikanın ixrac etdiyi
məhsulların çeşid və həcmi əhəmiyyətli dərəcədə artacaq.
Daha bir önəmli məqam odurki, Azərbaycan və Türkiyə arasında
güclənən bağlar təkcə iki ölkənin yox, həm də bütün türk dünyasının
mənafeyinə xidmət edir. Türk dünyasının coğrafi cəhətdən
birləşməsi, eyni zamanda iqtisadi sahədə münasibətlərinin daha da
dərinləşməsi üçün Zəngəzur dəhlizinin açılması da böyük əhəmiyyət
kəsb edir. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin
reallaşması strateji məsələdir. Ermənistan və himayədarlarının
bütün müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizi mütləq şəkildə
açılacaq. Ermənistanda nəzərə alınır ki, Azərbaycan və Türkiyə
qarşılarına qoyduqları məqsədlərə mütləq çatırlar, eyni zamanda
daha qüdrətli ölkələrə çevrilirlər. Belə ölkələrə Ermənistanın
müqavimət gücü yoxdur və onlarla əməkdaşlıq erməni tərəfinə
çoxsaylı dividendlər vəd edir. Bu səbəbdən Ermənistan, onun
havadarları Azərbaycan-Türkiyə tandemi ilə hesablaşmağa,
ölkələrimzin mövqeyini nəzərə almağa məcburdurlar. Bunu
şərtləndirən səbəblərdən biri odur ki, Azərbaycan və Türkiyə
regionda sabitliyin, inkişafın və təhlükəsizliyin təminatçısı
olmaqla yanaşı, həm də burada gələcək təhdidlərin yaranmasının
qarşısını alacaq əsas güc mərkəzləridir.
MTM Analitik Qrup