Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarının
pozulması hallarına qarşı mübarizə davam edir.
Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil
olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən
kənar icraatlar idarəsində araşdırma aparılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və
“DOSTLAR” MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əmək
müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən
edilib.
<!—->
<!––>
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci
(əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş
üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri
Yasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.
Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və
“DOSTLAR” MMC 20 min, “Miral” MMC isə 22 min manat məbləğində
inzibati cərimə edilib.