Bakı. Günaydın:
İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən
uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin
psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini
pozur.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram
hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik
Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən
Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, uşaq bu cür sözləri eşidəndə nəticənin
təkcə bir imtahan olmadığını, bütün gələcəyinin məhv olduğunu
düşünməyə başlayır:
<!—->
<!––>
“Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiya
itkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hiss
edir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır.
İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar
depressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimi
problemlərə səbəb ola bilər. Gənclər bir imtahandakı uğursuzluğu
həyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli ola
bilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməl
nəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlı
olaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlər
övladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlı
olmadığını göstərsinlər. “Bu imtahan sənin həyatını müəyyən etmir”
və ya “Sən bizim üçün dəyərlisən, nəticə necə olursa olsun” kimi
cümlələr gəncə psixoloji rahatlıq verə bilər”.
Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanın
dəyərini və gələcəyini müəyyən etmir:
“Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstək
göstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixoloji
sağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluq
təcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclü
mübarizə aparmağı öyrənirlər”.