Bakı. Günaydın:
Abituriyentlər üçün imtahan dövrü yalnız akademik bilikləri
sınamaq deyil, eyni zamanda psixoloji dayanıqlılığın sınağa
çəkildiyi bir mərhələdir. Bu dövrdə valideynlərin övladlarından
yüksək akademik nəticələr gözləməsi və bununla bağlı təzyiq
göstərməsi, gənclərin özünəinamını azaldır, emosional sabitliyini
pozur və uzunmüddətli akademik uğurlarına mane olur.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram
hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik
Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən
Nəcəfov açıqlayıb.
<!—->
<!––>
Onun sözlərinə görə, davamlı tənqid və başqaları ilə müqayisə
uşaqların özünəinamını zəiflədir:
“Belə bir şəraitdə böyüyən gənclər öz dəyərlərini yalnız
akademik uğurlarla ölçməyə başlayırlar. Bu, depressiv düşüncələrə,
sosial çəkilməyə və hətta özünütənqid meyllərinin artmasına gətirib
çıxara bilər. Övladlarının yalnız qiymətlərinə görə deyil, bilik və
bacarıqlarına görə dəyərləndirilməsi daha sağlam psixoloji inkişafı
təmin edir. Valideynlər üçün ən vacib məsələ, övladlarının fərdi
bacarıq və potensialını nəzərə almaqdır. “Ən yaxşı nəticəni
gözləyirəm” kimi ifadələr əvəzinə, “Əlindən gələni etsən,
kifayətdir” mesajını vermək, gəncin özünü daha güvənli hiss
etməsinə və daxili motivasiyasını qorumasına kömək edir. Eyni
zamanda, akademik göstəricilərdən əlavə, həyat bacarıqları və
şəxsiyyət inkişafı da uğurlu gələcək üçün vacib faktorlardır”.
R.Nəcəfov qeyd edib ki, imtahan həyatda yalnız bir imkandır və heç
bir nəticə insanın gələcəyini tamamilə müəyyən etmir:
“Əsas olan, gənclərin özlərinə inamlı, motivasiyalı və emosional
dayanıqlı olmalarına kömək etməkdir. Düzgün psixoloji dəstək və
anlayışlı yanaşma, həm akademik, həm də fərdi inkişaf üçün ən güclü
təməldir”.