Xiaomi-nin REDMI brendi REDMI A5 4G adlı yeni büdcəli smartfonunu təqdim edib. REDMI-nin bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI A5 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640×720 piksel keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Üstəlik bu smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. REDMI A5 4G smartfonu 12 nanometrlik Unisoc T7250 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 32 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə cihaz 15 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI A5 4G-in əməliyyat sistemi qismində isə Android 15 Go çıxış edir. REDMI A5 4G artıq satışa çıxıb və onun qiyməti 72$ təşkil edir.
Mənbə: Gizmochina