Bakı. Günaydın:
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən
hərbi ekspert Ədalət Verdiyevin məhkəmə hazırlıq prosesi
keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə anket
məlumatları dəqiqləşdirilib və məhkəmənin qapalı keçirilməsi ilə
bağlı qərar qəbul verilib.
Buna səbəb kimi iş üzrə dövlət sirrini təşkil edən məlumatların
olması bildirilib.
Məhkəmənin baxışa verilməsi qərara alınıb.
<!—->
<!––>
Proses martın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ədalət Verdiyev 2024-cü ilin noyabr ayında
saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatına görə, media subyektləri və
internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın
22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə
və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə
qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş
xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən
dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən
mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən
olunub.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması
Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İstintaqla,
işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş
media-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş
məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının
dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini
nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra
həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə
qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına,
yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan
Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə
qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan
mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış
sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1
(dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.