Bakı. Günaydın:
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində
təqsirləndirilən şəxs Davit Allahverdiyan sərbəst ifadəsi zamanı
ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə
istintaqı zamanı da cavab verəcəyini bildirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, o,
özünə qarşı insani münasibət gördüyünü deyib:
“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür
edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi martın 10-da davam etdiriləcək.