Bakı. Günaydın:
Xəbər verildiyi kimi, Ermənistanın hərbi
təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və
aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma,
habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla
ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər
törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,
Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət
işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam
etdirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün
vəkillərlə təmin olunub.
Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
habelə dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak
ediblər.
Məhkəmənin növbəti iclası martın 10-na təyin olundu. Növbəti
proses təqsirləndirlən şəxslərə sualların verilməsi ilə davam
etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyət baxımından verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz vədigərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.