Bakı. Günaydın:
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə
Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
kilsənin baş keşişi Varfolomey Denis Sotnikov məbədin tarixi barədə
məlumat verdi.
Qeyd edildi ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub.
Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə
vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib.
Qırx dörd il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra
1931-ci ildə sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci
illərdə muzey binası olan məbəd bir müddətdən sonra kafedral anbar
kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav kilsəsinə
qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb.
Qədim interyerindəki müxtəlif ikonalar günümüzə qədər gəlib
çıxıb. Bunların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs
Mariya Maqdalena adına ikonaları xüsusi qeyd etmək olar.
Kilsənin yaradılmasının 110 illiyi 1997-ci ildə qeyd olunub.
Kilsə tikilməsinin 130 illiyi münasibətilə 2017-ci ildə təmir
edilib.
Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən
qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir
işlərinin aparılmasına ehtiyac yarandığı bildirilib.
Qeyd edək ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə
tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən
dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası,
mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində
saxlanılır. Prezident İlham Əliyev dini icmalara, onların
rəhbərlərinə ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə
Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini
dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən
dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi sahəsində
çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən
işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar
təmir, bərpa olunur.