Bakı. Günaydın:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva
və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə
məscidlərində olublar.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas
məscidi barədə məlumat verdi.
Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah
Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi
əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi
Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir.
Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.
Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma,
konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr
Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır. Binanın
memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin
memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı,
Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və
ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.
Bildirildi ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü
ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud
vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub
saxlanılması istiqamətində növbəti tapşırıqlar verildi.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya
“Qurani-Kərim” hədiyyə olundu.
Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə
bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda,
Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid
kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa
işlərinin aparılmasına zərurət yaranıb.
Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair
tapşırıqlar verildi.
Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin
bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə
tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər
Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi
çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə
təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil
olunur.