Bakı. Günaydın:
Sabah Argentinanın paytaxtı Buenos-Ayresdə dünya futbol
tarixinin ən böyük simalarından biri, dünya çempionu Dieqo Armando
Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, ittihama görə, əfsanəvi futbolçunun ölümündə 7 həkim
təqsirləndirilir.
Maradona 2020-ci il noyabrın 25-də Buenos-Ayresdəki fərdi evində
dünyasını dəyişib. Həmin dövrdə 60 yaşlı keçmiş hücumçu beyində
yaranan trombun əməliyyatından sonra bərpa prosesi keçirdi. Əvvəlcə
onun ürəktutmasından vəfat etdiyi bildirilsə də, aparılan
araşdırmalar mərhumun ciyərlərində şiş aşkarlanması və həkimlərin
səhlənkarlığı ehtimalını gündəmə gətirdi.
<!—->
<!––>
Prokurorun sözlərinə görə, həkimlər Maradonaya qarşı səhlənkar
davranıb, yanlış müalicə metodları seçib və futbolçunu son
günlərində ağır və dözülməz vəziyyətdə taleyin ümidinə buraxıblar.
İstintaq zamanı məlum olub ki, gecə növbəsində çalışan tibb
bacılarından biri Maradonanı oyatmamaq barədə göstəriş aldığını
bildirib.
Uzun müddət davam edən araşdırmalardan sonra yalnız 4,5 ildən
sonra həkimlər məhkəmə qarşısına çıxarılır. Prosesin 4 ay ərzində
yekunlaşdırılması planlaşdırılır. Əgər ittihamlar sübuta yetirilsə,
təqsirləndirilən şəxslər 25 ilə qədər azadlıqdan məhrum edilə
bilərlər.