Bakı. Günaydın:
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,
Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və
digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış
iclası martın 6-da davam etdirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün
vəkillərlə təmin olunub.
Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
habelə dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak
ediblər.
Məhkəmə iclasında sədrlik edən hakim əvvəlcə təqsirləndirilən
şəxs Bako Sahakyana hüquqlarının müdafiəsi üçün dövlət hesabına
əlavə vəkil təyin olunması barədə məlumat verərək, müdafiəçisini
ona təqdim edib. Bako Saakyan yeni müdafiəçiyə etiraz etmədiyini
bildirib.
Məhkəmə iclasının sədri dindirməni başlayarkən təqsirləndirilən
şəxslərin hər birinə onlara elan olunmuş ittiham və həmin ittihamın
hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər
hallar barədə ifadə verməyi təklif edib.
Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Davit
Manukyan, Qurgen Stepanyan, Davit Allahverdiyan, Melikset Paşayan,
Qarik Matrosyan, Levon Balayan, Madat Babayan sərbəst ifadə
veriblər.
Sərbəst ifadə verən Ermənistanda anadan olmuş, Ermənistan
Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi
qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş,
qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci
müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş
qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş
təqsirləndirilən şəxs *Davit Manukyan ifadəsində Azərbaycan Silahlı
Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, hərbçi olduğunu,
Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ
müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirərək
deyib: “Birinci müharibə zamanı xidməti mövqeyim, vəzifəm olmayıb.
İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim xidməti
öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin
planlaşdırılması… Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın
şəkildə yazılıb: “Döyüş hazırlığı ilə məşğul olmaq”. Orada
müharibənin planlaşdırılması yoxdur. Bu, anlaşılan deyil,
əlaqəsizdir”.
O, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu
xatırladaraq bildirib: “Mən siravi əsgər statusunda olmuşam, döyüş
əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə
istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə
qayıtmışam…Müharibədən sonra da xidmətə davam etmişəm, zabit
rütbəsi almışam”.
Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın
iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib: “İclaslarda
əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi
barədə də məlumatım olmayıb”.
O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı
ilə vurulduğunu da bildirərək qeyd edib: “Sürücüm yaralandı, mən
isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.
Davit Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən
məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini
təhvil verdiyini, habelə Ermənistan Resublikasının vətəndaşlarının
qondarma rejimin “ordusu”nda hərbi xidmət keçdiyini qeyd edərək
diqqətə çatdırıb: “Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən
sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisar
aparıb briqada səviyyəsinə saldılar”.
O, həmçinin 2020-2023-cü illər ərzində Qarabağda təxminən 10
minədək hərbi qulluqçunun olduğunu deyib. Bundan başqa, istintaq
dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini söyləyib.
Təqsirləndirilən şəxs evində tapılmış silahlar barədə də
danışıb: “Mənim Xankəndidəki mənzilimdə iki silahım olub. Biri
tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan
Respublikasının Polis İdarəsində qeydiyyatdadır.
Təqsirləndirilən şəxs Qurgen Stepanyan 2005-2007-ci illərdə
Hadrutda müddətli hərbi xidmət keçidiyini, 2023-cü ildə isə döyüş
postuna aparıldığını bildirərək deyib: “Sentyabrın 19-da postdan
Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərlə qarşılaşdıq,
onlara təslim olduq”.
Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi
zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə
istintaqı zamanı da cavab verəcəyini bildirib. “Mənə qarşı
münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də
bütün suallara cavab verməyə hazıram”, – deyə o əlavə edib.
Digər təqsirləndirilən şəxs Melikset Paşayan ifadəsində
ittihamlarla tanış olduğunu bildirib. O, sovet ordusunda xidmət
etdiyini, 1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək
üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış aldığını
söyləyərək deyib: “1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda
mövqe qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə
kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik. Üç-dörd
həftə mövqe qoruduq”.
Melikset Paşayan 2023-cü il sentyabrın 19-20-də Azərbaycan
Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı barmağından
yaralandığını, sonra isə tutulduğunu bildirib.
Təqsirləndirilən şəxs Qarik Matrosyan ifadəsində Birinci Qarabağ
müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək
bildirib: “İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda
olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.
Təqsirləndirilən daha bir şəxs Levon Balayan ifadəsində 44
günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı
Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin “ordusu”nda
xidmət etdiyini söyləyib.
Təqsirləndirilən şəxs Madat Babayan isə 1992-ci ildə Xocalıda
olduğunu etiraf edib. O vurğulayıb: “1992-ci ildə Xocalıda olmuşam.
Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək.
Mən də aparıb yerini göstərdim”.
Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan söz istəyərək qısa
çıxış edib. O, Ermənistanın rəhbərliyi və nəzarəti altında
fəaliyyət göstərən qondarma rejimin “prezidenti” kimi gördüyü
işlərdən danışıb. Habelə ibtidai istintaq dövründə verilən sualları
cavablandırması üçün ona geniş imkanların yaradıldığını qeyd
edib.
Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi
başlayıb.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi
Vüsal Əliyev Qarabağın Azərbaycanın suverən ərazisi olmasını və
Ermənistanın Qarabağı öz ərazisinə birləşdirmək niyyətini təsdiq
edən tarixi sənədləri, yəni:
– DQMV Vilayət Xalq Deputatları Sovetinin “Dağlıq Qarabağ Muxtar
Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə
Azərbaycan və Ermənistan SSR Ali sovetlərinə Müraciət haqqında”
1988-ci il 20 fevral tarixli qərarı;
– “DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan
SSR-in tərkibinə verilməsi və bu barədə SSRİ Ali Sovetinə müraciət
edilməsi haqqında” Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun
tarixli qərarı;
– SSRİ Ali Soveti Rəyasət Heyətinin “DQMV-nin Ermənistan SSR-in
tərkibinə verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 1988-ci
il 15 iyun tarixli qərarının və DQMV Vilayət Xalq Deputatları
Sovetinin 1988-ci il 20 fevral tarixli vəsatətinin SSRİ
Konstitusiyasına zidd olması barədə” 1988-ci il 18 iyul tarixli
qərarı;
– SSRİ Konstitusiyasının 78-ci maddəsi;
– Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək
haqqında bəyannamə barəsində Azərbaycan Respublikası Ali Sovetinin
1991-ci il 30 avqust tarixli qərarı;
– 1991-ci il 2 sentyabr tarixli “Dağlıq Qarabağ Respublikasının
elan edilməsi haqqında qərar və bəyannamə”ni və digər sənədləri
təqdim edib.
Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi
Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənsitan SSR-in
ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda
Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət
göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə
Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”,
“David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”,
“Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”,
“Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”,
“Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər
qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti
və rəhbərlərinə dair sənədləri təqdim ediblər.
Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyana tədqiq edilmiş
sənədlərə münasibət bildirməsi, qeyd olunan qanunsuz silahlı
birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla əlaqələri,
fəaliyyəti, onun bu birləşmələrin fəaliyyətində iştirakı,
Ermənistanda və Azərbaycan Respublikasının suveren ərazisi olan
Qarabağda yaradılmış “Krunq” təşkilatında fəaliyyəti ilə əlaqədar
həbs edilməsi, “böyük Ermənistan” və “Miatsum” cinayətkar
ideologiyaları barədə suallar verilib.
Təqsirləndirilən şəxs “Krunq” təşkilatının fəaliyyətində iştirak
etmədiyini, həmin dövrdəki həbsinin bu təşkilatdakı fəaliyyətinə
görə olmadığını, sadalanan qanunsuz silahlı birləşmələrin
rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o cümlədən bu gün
məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd
olunduğunu, lakin özünün həmin adları çəkməyəcəyini bildirib.
Məhkəmənin növbəti iclası martın 10-na təyin olundu. Növbəti
proses təqsirləndirlən şəxslərə sualların verilməsi ilə davam
etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyət baxımından verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz vədigərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.