Bakı. Günaydın:
Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət
sosial yardımı proqramı hazırda 331 min ailə üzvü olan 75 min
ailəni əhatə edir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, həmin ailələrə hər ay orta hesabla 470 manat
ödənilir.
“Son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması,
yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə
bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım”
e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli
sadələşdirilib.
Yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin
sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi
köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay
mülkiyyəti, kommunal xərcləri, əlilliyinin olması və s. məlumatları
qeyd etmələri tələb olunmur.
Eləcə də ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent,
sayğac nömrələri, həyətyanı sahə və digər məlumatların
“Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda, bu
məlumatlara yerindəcə düzəliş edilməklə, müraciətə yenidən baxılır.
Ünvanlı yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə isə,
əgər:
<!—->
<!––>
- ailənin tərkibi və yaşayış ünvanı dəyişməyibsə,
- ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan
varsa, - ailədə I dərəcə əlilliyi olan ailə üzvü varsa,
- II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa,
- üç və daha çox uşaq varsa,
ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır.
Son illər qeyd edilən dəyişikliklər proqramın əhatə dairəsinin
genişlənməsi ilə nəticələnir. Məsələn, ünvanlı yardım alan
ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 1,8 dəfə artaraq
42,7 mindən 2024-cü ildə 76 minə, ailə üzvlərinin sayı isə 173,1
mindən 334 minə çatıb.
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 2018-ci
ildəki 175 manatdan 2,7 dəfə artaraq 2024-cü ildə 473 manata
çatıb.
Ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsaitlərin illik həcmi
həmin dövrdə 4 dəfəyə yaxın artıb və bu istiqamətdə hazırda illik
400 milyon manat ətrafında vəsait yönəldilir. Ümumilikdə
2018-2024-cü illərdə ünvanlı sosial yardım proqramı üzrə əhaliyə
1,7 milyard manat vəsait ödənilib.
Ünvanlı sosial yardım təyin edilmiş ailələrdəki 1 yaşadək
uşaqlara görə həmin ailələrə aylıq müavinət də ödənilir və bu
müavinətin məbləği 2018-2024-cü illərdə 2 dəfəyə yaxın artırılaraq
100 manata çatdırılıb”,- deyə məlumatda qeyd edilib.