Bakı. Günaydın:
2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf
Strategiyasının 5 mühüm sütunundan biri də maliyyə sektorunun
dayanıqlığını möhkəmləndirməkdir. Bu istiqamətdə Mərkəzi Bankın
yaxın dövrdə əsas fəaliyyəti bütün seqmentlər üzrə maliyyə
dayanıqlığının tənzimləmə çərçivəsinin beynəlxalq təcrübəyə
uyğunlaşdırılması və risk əsaslı nəzarətin tətbiqi olacaq.
Bu sözləri Trend-ə müsahibəsində Mərkəzi Bankın baş direktoru
Şahin Mahmudzadə deyib.
O, təmsil etdiyi qurumun maliyyə bazarlarında tənzimləmə
strategiyası, “Yaşıl Taksonomiya”nın ölkənin sosial-iqtisadi
inkişafında əhəmiyyəti, məsafədən kreditləşmədən, eləcə də ölkədə
özəl pensiya sisteminin qurulması üzrə indiyədək atılan addımlar və
hədəflərlə bağlı sualları cavablandırıb.
Mərkəzi Bankın baş direktoru əvvəlcə Azərbaycanın maliyyə
sektorunun dayanıqlığının möhkəmlənməsində atılan addımlardan və bu
yöndə görülməsi planlaşdırılan işlərdən danışıb. O bildirib ki,
Mərkəzi Bank haqqında Qanuna əsasən, maliyyə bazarlarının
fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, o
cümlədən maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata
keçirilməsi Mərkəzi Bankın əsas funksiyalarındandır: “Mərkəzi Bank
tərəfindən həyata keçirilən proaktiv nəzarət tədbirləri, həssaslıq
zonalarını formalaşdıran risklər üzrə prudensial tələblərin
gücləndirilməsi, habelə sektor ilə intensiv dialoq, tənzimləmə və
nəzarət çərçivəsinin modernizasiyası üzrə görülmüş işlər bu
istiqamətdə Mərkəzi Bankın fəaliyyətini əks etdirir. Ötən ilin sonu
maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində strateji
baxışını əks etdirən Bank sektoru üzrə makroprudensial siyasət
çərçivəsi və “Risk əsaslı nəzarət üzrə Siyasət” konsepsiyası
sənədləri təsdiq olunmuşdur. Bank sektorunun dayanıqlığını artırmaq
və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün
2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci
dərəcəli kapitalı üzərində 0,5% həddində əlavə kontr-tsiklik
kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul
edilmişdir”.
“2024-cü ildə bank sektorunda tənzimləmə və nəzarət çərçivəsinin
təkmilləşdirilməsi məqsədilə aidiyyəti olan şəxslərlə
əməliyyatların aparılması üzrə requlyativ tələblər gücləndirilmiş,
əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının
artırılması məqsədilə ölkədə agent bankçılıq modelinin tətbiqi,
habelə istehlak krediti götürən fiziki şəxslərin həyat sığortası
risklərinin azaldılması üçün tənzimləmə tələbləri müəyyən edilmiş,
korporativ idarəetmə standartları təkmilləşdirilmişdir. Bank
olmayan kredit təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və
bu seqmentin tənzimlənməsinin gücləndirilməsi məqsədilə bank
olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi
üzrə requlyativ çərçivə formalaşdırılmış, habelə bu növ kredit
təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi qaydaları, o
cümlədən kapital və ehtiyatlanma tələblərinə, yeni prudensial
normativlərin tətbiqinə başlanılmışdır”, – deyə Ş. Mahmudzadə
xatırladıb.
O, eyni zamanda sığorta sektorunda tənzimləmə və nəzarət
çərçivəsinin təkmilləşdirilməsi məqsədilə əldə olunan nailiyyətlər
və gələcək hədəflərlə bağlı sualı da cavablandırarkən bunları qeyd
edib: “Sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinin
təkmilləşdirilməsi məqsədilə sığortaçılarda korporativ idarəetmə
standartları təsdiq edilmiş, sığorta ehtiyatlarının tərkibi,
formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların
payının hesablanması, həmçinin katastrofik risklər üzrə ehtiyatın
hesablanmasını tənzimləmək məqsədilə hazırlanmış qaydalar təsdiq
edilmişdir. Eyni zamanda dövr ərzində sığortaçının sistem
əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları təsdiq
edilmiş, avto-icbari məhsulunun təkmilləşdirilməsi istiqamətində
qanunvericilikdə dəyişikliklər həyata keçirilmişdir.
Bundan başqa, il ərzində qiymətli kağızlar bazarı və ödəniş
sistemləri üzrə də tənzimləmə və nəzarət çərçivəsinin
təkmilləşdirilməsi istiqamətində fəaliyyət həyata
keçirilmişdir.
2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf
Strategiyasının 5 mühüm sütunundan biri də maliyyə sektorunun
dayanıqlığını möhkəmləndirməkdir. Bu istiqamətdə Mərkəzi Bankın
yaxın dövrdə əsas fəaliyyəti bütün seqmentlər üzrə maliyyə
dayanıqlığının tənzimləmə çərçivəsinin beynəlxalq təcrübəyə
uyğunlaşdırılması və risk əsaslı nəzarətin tətbiqi olacaq”.
Həmçinin, tənzimləyici qurumun baş direktoru Mərkəzi Bankın
xüsusi təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə
vahid taksonomiya üzərində işlərin davam etdiyini diqqətə çatdırıb.
O, vahid taksonomiyadan gözləntilərini bölüşüb: “Məlum olduğu kimi,
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mərkəzi Bank
tərəfindən beynəlxalq tərəfdaşlar (IFC, SBFN, IPSF, UNDP) ilə birgə
“Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və
müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” hazırlanmış və elan
olunmuşdur.
COP29-dan sonra tərəfdaşlar Yol xəritəsinin icrası üzrə işlərə
start verilmişdir. Yol Xəritəsi müxtəlif təşkilatların bu sahədə
fəaliyyətlərini uzlaşdırmaq, təkrarlanmaların qarşısını almaq və
hər bir təşkilat tərəfindən həyata keçirilən tədbirlərin Yol
Xəritəsinin əsas sütunları ilə əlaqəliliyini təmin etmək üçün bir
platforma kimi fəaliyyət göstərəcək. Yol xəritəsinin
hazırlanmasında olduğu kimi, onun realizasiyasına da Mərkəzi Bank
əsas tərəflərdən biridir”.
Taksonomiya həm yerli, həm də xarici investorlar
üçün yaşıl layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi
prosesini asanlaşdıraraq, yaşıl iqtisadiyyata keçidi
sürətləndirəcək…
Mərkəzi Bankın İdarə Heyətinin 7 noyabr 2024-cü il tarixli
qərarı ilə “Yaşıl Taksonomiya”nın təsdiqləndiyini xatırladan qurum
rəsmisi, onun ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətindən də
danışıb. Ş. Mahmudzadə “Yaşıl taksonomiya”nın qəbul edilməsinin
ölkədə dayanıqlı inkişaf hədəflərinə çatmaq istiqamətində atılmış
önəmli addımlardan biri olduğunu vurğulayıb: “Bu sənəd ekoloji
cəhətdən dayanıqlı iqtisadi fəaliyyətlərə vahid yanaşmanı təmin
etməklə, yaşıl maliyyələşdirmənin sistemli şəkildə inkişaf
etdirilməsinə və maliyyə bazarlarında ekoloji aspektlərin nəzərə
alınmasına şərait yaradır.
“Yaşıl Taksonomiya”nın tətbiqinin dəstəklənməsi məqsədilə
Mərkəzi Bank tərəfindən “Yaşıl” və “Dayanıqlılıqla əlaqəli”
kreditlərin verilməsi təlimatı qəbul edilmişdir. Təlimatın qəbul
edilməsi bankları taksonomiyaya əsaslanan yaşıl kredit portfelini
formalaşdırmaqda dəstəkləyəcək. Qeyd edək ki, ölkənin bank sektoru
COP-29 çərçivəsində 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı
karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və “yaşıl”
layihələrin maliyyələşdirilməsinə 2 milyard manat ayrılması
haqqında öhdəlik bəyanatını elan edib. Taksonomiya bu öhdəliyin
reallaşdırıması üçün mühüm alət kimi çıxış edir”.
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının
ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətində
işlər davam etdirilir…
<!—->
<!––>
Ş. Mahmudzadə son zamanlar cəmiyyəti maraqlandıran əsas
mövzulardan biri kimi, özəl pensiya fondunun yaradılması ilə bağlı
görülən işlərə və bu yeniliyin üstünlüklərinə də aydınlıq gətirib:
“Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli
Sərəncamı əsasında təsdiqlənmiş “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
(Strategiya) üzrə “Pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi üçün pensiya təminatı sisteminin
təkmilləşdirilməsi” tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbir
çərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismində
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının
Mərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi qeyd edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa,
Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş
və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin
qanunvericilik layihələri hazırlanmışdır.
Nəzərinizə çatdırırıq ki, ölkədə effektiv qeyri-dövlət pensiya
sisteminin qurulması və işlərin operativ qaydada aparılmasının
təmin edilməsi məqsədilə Mərkəzi Bankın da iştirakı ilə
qurumlararası müzakirələr aparılmaqdadır. Eyni zamanda, yuxarıda
qeyd olunan məqsədə nail olunmasına töhfə vermək üçün dövlət
qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının
nümayəndələri də qarşılıqlı fəaliyyət göstərirlər.
Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, o
cümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi
istiqamətində işlər davam etdirilir”.
“Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədə
investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə
institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə
alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının
dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin
sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan
əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının
artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana
biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət
təsir göstərəcək”, – deyə Mərkəzi Bankın baş direktoru qeyd
edib.
Mərkəzi Bank məsafədən kreditləşmə prosesinin
tənzimlənməsi üçün müvafiq normativ-hüquqi bazanın
təkmilləşdirilməsi üzrə işləri davam etdirir…
Ş. Mahmudzadə həmçinin, Azərbaycanda məsafədən kreditləşmənin
tənzimlənməsi ilə bağlı son işlərdən danışıb və onun bütün bank və
bank olmayan kredit təşkilatlarına (BOKT) tətbiq
edilib-edilməyəcəyi ilə bağlı fikirlərini bölüşüb: “Son illərdə
rəqəmsal transformasiya və maliyyə xidmətlərinin əlçatanlığının
artırılması istiqamətində, o cümlədən məsafədən kreditlərin
verilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Bu çərçivədə qəbul
edilmiş yeni tələblər müştəri autentifikasiyasının
gücləndirilməsini, məsafədən identifikasiya üsullarının tətbiqini
və təhlükəsiz ödəniş əməliyyatlarının təmin edilməsini nəzərdə
tutur.
Ötən il qəbul edilmiş yeni qaydalara əsasən BOKT-lar da
məsafədən krediti verərkən banklar üçün məsafədən kreditin
verilməsi ilə bağlı tələbləri özündə əks etdirən “Bank hesablarının
açılması, aparılması və bağlanması Qaydası”na əməl
etməlidirlər.
Bununla yanaşı, Mərkəzi Bank məsafədən kreditləşmə prosesinin
tənzimlənməsi üçün müvafiq normativ-hüquqi bazanın
təkmilləşdirilməsi üzrə işləri davam etdirir. Belə ki, məsafədən
kreditlərin verilməsi zamanı istehlakçıların hüquqlarının
qorunması, şəffaflıq, ədalətli rəftar, məsuliyyətli kreditləşmə
prinsiplərinə riayət edilməsi və risklərin effektiv idarə olunması
əsas prioritetlərdən biridir və bu istiqamətdə yeni normativ
sənədlər hazırlanmaqdadır. Qeyd olunan sənədlərin BOKT-lara da
tətbiq edilməsi nəzərdə tutulub”.
“Həmçinin qeyd etmək lazımdır ki, “Banklarda kredit risklərinin
idarə edilməsi qaydası”na edilən son dəyişikliklərə əsasən
kreditlərin verilməsi prosesində davranış modellərin istifadəsi
mümkündür. Bu modellər əsasında borcalanın proqnozlaşdırılmış gəlir
məlumatları müəyyən edilə və həmin məlumatlar borcalanın ödəmə
qabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər. Qeyd olunan
yenilik banklara istehlakçıların ödəmə vərdişlərini daha yaxşı
qiymətləndirmək və kreditlərin həm məsuliyyətli, həm də əlçatan
verilməsini təmin etmək imkanını yaradır”, – deyə Ş. Mahmudzadə
əlavə edib.
Maliyyə təhlükəsizliyini artırmaq üçün əhalinin
məlumatlılıq səviyyəsinin yüksəldilməsi
vacibdir…
Mərkəzi Bankın rəsmisi sonda bank sektorunda kibertəhlükəsizlik
tədbirləri ilə bağlı atılan addımlardan, eləcə də bu istiqamətdə
yeni mexanizmlərin tətbiqinin nəzərdə tutulub-tutulmamasından
danışıb. Onun sözlərinə görə, Mərkəzi Bank maliyyə sektorunda
kibertəhlükəsizliyin təmin edilməsi və bazar iştirakçılarının
məsuliyyətli davranışlarının təşviqi məqsədilə bir sıra tədbirlər
həyata keçirir: “Bu çərçivədə “Maliyyə bazarlarında fəaliyyətinə
nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin
edilməsinə dair Tələblər” qəbul edilmiş və tətbiq olunmaqdadır. Bu
tələblər, banklar və digər maliyyə institutlarında informasiya
təhlükəsizliyi və kiberdayanıqlılığı gücləndirmək məqsədi
daşıyır.
Bu çərçivədə ictimaiyyətin potensial dələduzluq və fırıldaqçılıq
halları ilə üzləşməsinin qarşısını almaq və maliyyə
təhlükəsizliyini artırmaq üçün əhalinin məlumatlılıq səviyyəsinin
yüksəldilməsi də vacibdir. Bu məqsədlə müxtəlif informasiya
kanalları və kommunikasiya vasitələrindən istifadə edilmiş, sosial
çarxlar hazırlanmış və yayımlanmışdır. Qeyd olunan materiallar
‘bizimpullar.az’ səhifələrində, eləcə də sosial şəbəkələrdə
yerləşdirilmişdir”.
“Həmçinin, hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə
tədbirlərin davam etdirilməsi və ictimaiyyətin məlumatlandırılması
üçün yeni təşəbbüslər həyata keçirilir. Bunun üçün digər dövlət
qurumları və maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalar
ilə sıx əməkdaşlıq etdirilir. Əhalinin müxtəlif qruplarını nəzərə
alaraq, dələduzluq və fırıldaqçılıq mövzularda vebinarlar və
təlimlərin keçirilməsi, maarifləndirici videoçarxların və öyrənmə
materiallarının hazırlanması planlaşdırılır”, – deyə Mərkəzi Bankın
baş direktoru Şahin Mahmudzadə qeyd edib.