Bakı. Günaydın:
4 mart 2025-ci il tarixində SOCAR-ın təşkilatçılığı ilə “Enerji
sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar”
mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda
müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji
strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz
xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri
düzüblər. Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları
ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda
etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar.
Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “KazMunayQaz”
şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun, “Tatneft”
şirkətinin baş direktoru Nail Maqanovun, “Uzbeknefteqaz” şirkətinin
İdarə Heyətinin sədri Baxodirjon Sidikovun çıxışları
dinlənilib.
<!—->
<!––>
Daha sonra Azərbaycan Respublikasının SOCAR, Qazaxıstan
Respublikasının “KazMunayQaz”, Rusiya Federasiyasının “Tatneft”, və
Özbəkistan Respublikasının “Uzbeknefteqaz” şirkətləri arasında
dördtərəfli dördtərəfli və ikitərəfli sənədlərin imzalanması
mərasimi keçirilib.
Konfrans çərçivəsində, həmçinin, “Yeni standartların işlənilməsi
və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan
qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının
əhəmiyyəti”, “Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər
konsorsiumu – vahid mühəndis mühiti”, “Birgə satınalma
fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri”
mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə
mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.