Bakı. Günaydın:
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan
silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları
nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək
üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış
olublar.
Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin
tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə
əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə
çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək
raketin yerdə olan izini simvolizə edəcək.
Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə
çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket
zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da
yer alacaq.
Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna
qədər başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın
4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri
tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər
raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26
mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb.