Bakı. Günaydın:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva
Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Birinci
vitse-prezidentə bağçanın mövcud vəziyyəti ilə bağlı məlumat
verildi.
Qeyd edildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə
inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın
təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbəqədər
təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili
məqsədi ilə müvafiq tapşırıqlar verdi.
Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə
də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən
qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı,
Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond
2014-cü ildən etibarən “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə,
onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.