Bakı. Günaydın:
Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə
baxılıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, ibtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət
Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs
tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma)
maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə
əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan
avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən
piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı
xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol
nəqliyyat hadisəsi yerindən qaçıb.
Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli
bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq,
təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə
gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya
instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət
ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
Müraciətdə bəraət qərarının ləğvi istənilib.
Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib,
kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya
protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya
protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və
müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və
apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən
edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual
qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə
gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.
Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, şəxsə
CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası
məhkəməsi haqlı olub.
<!—->
<!––>
Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in
143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs
xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək
məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət
verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü
maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu
zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in
143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi
müzakirə edilməlidir.
Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə
tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin
əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü
qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş
şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ
görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən
öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən
qorunmasına yönəlmişdir.
CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin
sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü
maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş
ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin
ağırlaşdırılmasına səbəb olmayacaqdır. Birinci instansiya məhkəməsi
kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə
həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan
sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış
sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi,
mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməyib,
şəxsin CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə
gələrkən, kifayət etməyən sübutlara əsaslanıblar.
Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə
kassasiya protesti qismən təmin edilib, qərar, şəxsə Cinayət
Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv
edilib, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsinə
göndərilib.