Elon Musk uzun müddətdir ki, mübahisəli bir fiqur kimi tanınır, lakin onun son davranışları və açıqlamaları ona qarşı çıxan insanların sayını daha da artırıb. Onun Donald Trump-ın andiçmə mərasimində çıxışı zamanı ifa etdiyi və nasist salamını xatırladan performansı bir çox insanı hiddətləndirib və təhqir edib. Bunun cavabı olaraq insanlar Musk-ın şirkətlərinə məxsus məhsul və xidmətləri boykot etməyə başlayıblar. X sosial şəbəkəsindən istifadəçi axını kəskin şəkildə azalıb, kanadalılar Starlink ilə olan baha müqaviləni ləğv ediblər və Tesla elektromobillərinin satışları, xüsusilə Avropada, ciddi şəkildə azalıb. YouGov və Yahoo News xəbər portalları böyüklər arasında sorğu keçirərək amerikalıların bütün bu qalmaqallardan sonra Tesla alma ehtimalına necə yanaşdıqlarını öyrəniblər və nəticələr Musk üçün ümidverici deyil:
– 67% amerikalı Tesla almağı heç düşünmür;
– 18% amerikalı Tesla ala biləcəyini bildirir;
– 13% qərarsızdır;
– 2% artıq Tesla sahibidir.
Tesla-dan imtinanın səbəbləri belə göstərilib:
– Elon Musk-ın davranışı – 20%;
– Elon Musk-ın Tesla ilə bağlı mənfi assosiasiya doğurması – 17%;
– Elon Musk səbəb deyil — 27%;
– Qərarsızlar – 3%;
– Səbəbi açıqlamayanlar – 33%.

Ümumilikdə ABŞ-da Musk-la bağlı münasibət ötən illə müqayisədə xeyli pisləşib – hazırda amerikalıların yalnız 39%-i ona müsbət, 55%-i isə mənfi yanaşır. Qeyd etmək maraqlıdır ki, respondentlərdən siyasi baxışlarını daqiqləşdirmələri xahiş edilib və nəticədə məlum olub ki, sorğuda iştirak edənlər arasında respublikaçılar Musk haqqında demokratlardan daha mənfi düşünürlər. Musk-dan narazılıq faizi belədir:
– Demokratlar – 30%
– Respublikaçılar – 32%
– Müstəqillər – 27%
– Digərləri – 2%
– Siyasi baxışlarını qeyd etməyənlər – 8%
Nəticə olaraq qeyd etmək olar ki, Musk-ın davranışları Tesla brendinə böyük reputasiya zərbəsi vurur. Avropalılar bu elektromobillərin alışından kütləvi şəkildə imtina edirlər, bir çox amerikalı da Tesla-nı “toksik” hesab edir və bu, şirkətin səhm dəyərini əhəmiyyətli dərəcədə azaldıb.
Mənbə: Electrek