Bakı. Günaydın:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva
Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu
tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı
təmir-bərpa işləri ilə bağlı məlumat verdilər.
Bildirildi ki, 1969-cu ildə istifadəyə verilmiş tədris
müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin
məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev
Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir
işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında
– yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, yeni tədris ili üçün Heydər Əliyev Fondu paytaxt
Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir
işlərini başa çatdırmağı nəzərdə tutur.
Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu
sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri
kimi müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana
yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək,
ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə
təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması
istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər
Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəlib.