Bakı. Günaydın:
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İnkişaf
etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8)
Baş katibi İsiaka Abdulqadir İmamın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Kənd
Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov
ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar
inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən
innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.
<!—->
<!––>
Görüşdə təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud
vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə
olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə
bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının
ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində
rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar
sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir
texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi
aparıblar.
Görüş zamanı aqrar sahədə qarşılıqlı əlaqələrin
genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarını, bu formatda tədbir və
görüşlərin keçirilməsinin vacib olduğunu qeyd ediblər.
Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir
mübadiləsi aparılıb.