Fransa rəqabətə nəzarət qurumu Apple-ı reklamverənlərə qarşı ayrı-seçkilik etməkdə ittiham edərək şirkətə 150 milyon avro (162.42 milyon dollar) cərimə təyin edib. Buna səbəb istifadəçilərin məlumatlarının hədəfli reklam üçün toplanmasını məhdudlaşdıran App Tracking Transparency (ATT) aləti olub. Reklam şirkətləri və Apple-ın rəqibləri uzun müddətdir bu aləti tənqid edərək onun bizneslərinə zərər vurduğunu bildirirlər.

CNBC-nin məlumatına görə, bu, Apple-ın iPhone və iPad sahiblərinə müəyyən tətbiqlər tərəfindən izlənilməyə qadağa qoymaq imkanı verən ATT sistemi ilə bağlı aldığı ilk cərimədir. Fransada araşdırma bir neçə onlayn reklamverən assosiasiyası, nəşriyyat və internet şirkətinin Apple-ı qeyri-sağlam rəqabətdə ittiham edən şikayətlərindən sonra başlanıb. Tənzimləyici orqanlar bildiriblər ki, ATT-nin məqsədi özü-özlüyündə irad doğurmur və istifadəçilərin məxfiliyini qoruyur, lakin onun tətbiq forması “nə zəruri, nə də istifadəçi məlumatlarının qorunması məqsədinə uyğun proporsional” hesab olunur.
Xüsusilə monetizasiya üçün məlumat toplamaqdan asılı olan kiçik nəşriyyatlar bu vəziyyətdən daha çox zərər çəkiblər. “ATT onların imkanlarını ciddi şəkildə məhdudlaşdırır” – deyə Fransanın müvafiq qurumu bildirib və Apple-ı bu qərarı 7 gün ərzində öz rəsmi saytında dərc etməyə məcbur edib. Apple isə Fransa tərəfindən verilən qərardan məyusluğunu ifadə edib, lakin qeyd edib ki, tənzimləyici orqan ATT izləmə sistemində dəyişiklik tələb etməyib. Bu arada, məsələ bununla bitmir – digər ölkələrin də Fransanın nümunəsini izləməsi mümkündür.
Mənbə: CNBC