Bakı. Günaydın:
Martın 6-da Milli Məclisin deputatı Nizami Səfərov
“Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları
Forumu”nun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində
yaradılmış Ekspertlər Şurasının iclasında onlayn formatda iştirak
edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasda neokolonializm təzahürlərinin əsarətdən
azad olmuş dövlətlərin sosial-iqtisadi inkişafına neqativ təsirləri
və onlarla mübarizə mövzusunda müzakirələr aparılıb.
Onlayn iclasda çıxış edən Nizami Səfərov bildirib ki, müasir
şəraitdə kolonializm sisteminin süqutundan yarım əsrdən çox vaxt
keçsə də, qlobal beynəlxalq gündəmdə iqtisadi bərabərsizlik və
post-müstəmləkə dövlətlərinin azad sosial-iqtisadi inkişaf
hüquqlarının məhdudlaşdırılması ilə mübarizə problemləri mühüm yeri
tutur.
Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə dövlətlər yeni
çağırışlarla və təhdidlərlə mübarizədə səylərini
birləşdirməlidirlər.