Bakı. Günaydın:
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin,
tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet
televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər
jurnalistlərin növbəti birgə səfəri bu dəfə martın 6-da Xankəndi,
Əsgəran və Xocalıya təşkil olunub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
ölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, habelə
milli maraqlar və dövlətçilik naminə siyasi proseslərdə etibarlı
əməkdaşlıq münasibətlərinin bərqərar edilməsi məqsədilə mütəmadi
surətdə müxtəlif səpkili layihələr icra olunur. Azərbaycan
ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki
davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütün
təşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyət
üçün tam olaraq açıqdır.
Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlı
təşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqla
yanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimi
mühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, dövlətimizin başçısı
öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin
bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və
konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu
təzahürləri davamlı olaraq qeyd edir.
Konstruktiv əməkdaşlığın qurulması çərçivəsində siyasi partiya
rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin
təşkili təcrübəsi xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, sağlam
və işgüzar münasibətlərin bərqərar olunmasına xidmət edən siyasi
dialoq ilə bağlı toplanmış təcrübənin zənginləşdirilməsi üçün ölkə
siyasilərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa (2 dəfə) və
Zəngilana təşkil olunub.
Xüsusi olaraq vurğulanmalıdır ki, birgə səfərlərin birində ölkə
siyasiləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə
2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş
“Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və
region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda
iştirak ediblər. Beləliklə, təşviq olunan dialoq mühiti sayəsində
müxalif siyasi partiyalar, eyni zamanda, təşkil olunan beynəlxalq
tədbirlərdə də tərəf-müqabili kimi iştirak edirlər.
Növbəti – sayca 5-ci birgə səfərin ünvanı Xankəndi, Xocalı və
Əsgərandır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
təşkilatçılığı ilə baş tutan 6 mart səfərində 24 siyasi partiyanın
nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə
internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və
digər jurnalistlər iştirak ediblər.
Səfərin iştirakçıları əvvəlcə Əsgəran qala-kompleksi ilə tanış
oldular və kompleks haqqında geniş məlumat əldə etdilər.
İştirakçılar səfər çərçivəsində müxtəlif məkanlar ilə yanaşı,
Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan
işlərlə yaxından tanış oldular. Səfər iştirakçıları, həmçinin
Xocalının Ballıca kəndində tikilən fərdi evlərin və infrastrukturun
bərpası sahəsində görülmüş işlərlə tanış olmaq imkanı əldə
etdilər.
Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində oldular.
Xankəndi şəhərində 2023-cü il noyabrın 8-də Vətən müharibəsində
əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad
keçirildiyi Zəfər meydanını ziyarət edən səfər iştirakçıları burada
mətbuat nümayəndələrinə verdikləri müsahibələrdə öz təəssüratları
ilə bölüşdülər.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev Xankəndi şəhərində iştirakçıların qarşısında çıxış edərək
ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə
davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji
əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat
verdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı
Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu
xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd etdi ki, Xankəndi
şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının
bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar
hadisə kimi dəyərləndirilməlidir. Ədalət Vəliyev çıxışında bildirdi
ki, müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri
birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir.
Səfər çərçivəsində siyasilər Xankəndi, Xocalı və Əsgəranın
iqtisadi, habelə turizm potensialı ilə də tanış oldular. Təbii
landşaft, nadir təbiət, gözəl meşələr, dağlar, bulaqlar, çaylar,
habelə icra olunan infrastruktur layihələri – bütün bunlar regionun
inkişafı üçün zəmin yaradır. Səfərin iştirakçılarına bildirildi ki,
Xankəndi, Xocalı və Əsgəranın turizm potensialı digər rayonlarda
yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaqdır. Burada
hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf
etdiriləcəkdir. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni
infrastruktur Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir
mənbəyi olacaq.
Təşkil olunmuş səfər timsalında sevindirici haldır ki, siyasi
proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və
sağlam münasibətlərin qorunması məqsədilə atılan bütün addımlar
siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir.
Təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə
şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə
etibarlı münasibətləri tərənnüm edir.