ASUS şirkəti yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS ROG Strix XG27UCDMG adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840×2160 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 114%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə ASUS OLED Care Pro texnologiyasını birləşdirir. Bu texnologiya Neo Proximity Sensor adlı sensor əsasında çalışır.

Sözügedən sensor monitor qarşısında istifadəçinin olub-olmadığını təyin edə bilir. Beləliklə monitorun qarşısında istifadəçinin olmadığı halda ekran avtomatik şəkildə qara ekran rejiminə keçid edir. Bu isə öz növbəsində ekranın yanması probleminin qarşısını alır. Monitor həmçinin NVIDIA G-SYNC və AMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini əldə edib. Bununla yanaşı monitorda DisplayPort 1.4 DSC, HDMI 2.1, USB 3.2 Gen1 Type-A, USB-C girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş reallaşdırılıb. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. ASUS ROG Strix XG27UCDMG artıq satışa çıxıb və onun qiyməti 1149 avro təşkil edir.