Bakı. Günaydın:
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər
Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Muqimi adına
Özbəkistan Dövlət Akademik Musiqili Teatrında 27 – Mart Beynəlxalq
teatr günü münasibətilə ilk dəfə olaraq Azərbaycan milli teatrına
həsr olunmuş “Dostluq səhnələri” adlı tədbir keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan
Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və
incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbələr,
yerli vətəndaşlar, jurnalistlər iştirak edib.
Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrının
direktor müavini Xayrulla İnağamov qonaqları salamlayaraq bildirib
ki, Özbəkistan teatrları zaman-zaman klassik Azərbaycan musiqili
komediyalarına müraciət edib, həmişə də uğur qazanıb. Azərbaycan
müəlliflərinin əsərləri əsasında səhnələşdirilən tamaşalar həmişə
anşlaqla keçib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və digər
Azərbaycan teatrları ilə geniş əlaqələrinin olduğunu və iki il
əvvəl Bakıda Məcid Şamxalovun “Qaynana” komediyası ilə qastrol
səfərində olduqlarını bildirən X.İnağamov, tamaşalarının uğurla
keçdiyini, yerli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla
qarşılandıqlarını qeyd edib.
X.İnağamov bugünkü konsert-tamaşa proqramının da Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq
çərçivəsində həyata keçirildiyini bildirib.
<!—->
<!––>
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli isə
bildirib ki, məlum olduğu kimi, 10 mart ölkəmizdə “Azərbaycan milli
teatr günü” kimi qeyd olunur. Azərbaycan teatrının əsası 1873-ci
ildə qoyulub və 152 il ərzində böyük inkişaf yolu keçib.
Azərbaycan teatrı bütün Şərqdə, o cümlədən Özbəkistanda teatrın
yaranması və inkişafına böyük töhfə verib. Həm Azərbaycanda, həm də
Özbəkistanda teatrın yaranması məhz mart ayında formalaşıb və bu
bir daha dostluğumuzun və qardaşlığımızın yaxınlığından xəbər
verir. Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycan
teatrının təbliği sahəsində bir çox işlər görməkdədir. Belə ki, bu
yaxınlarda Mədəniyyət Mərkəzində gənclərdən ibarət Teatr Truppası
yaradılmış və bu truppanın aktyorları tərəfindən azərbaycanlı
müəlliflərin pyesləri səhnələşdirilir. Bununla yanaşı klassik və
müasir azərbaycanlı müəlliflərin pyeslərinin də özbək dilinə
tərcümə edilərək teatrlara verilməsi işinə də Mədəniyyət Mərkəzi
tərəfindən start verilmişdir. A.Marifli Muqimi adına Özbəkistan
Dövlət Akademik Musiqili Teatrı ilə əməkdaşlığın teatr sahəsindəki
əlaqələrimizin daha da genişlənməsinə, Azərbaycanla Özbəkistan
arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcəyini
bildirib.
Konsertdə Muqimi teatrının aktyorları tərəfindən Üzeyir
Hacıbəylinin “Arşın mal alan”, Məcid Şamxalovun “Qaynana”,
Azərbaycan Mədəniyyət Mərkəzinin Teatr Truppası tərəfindən isə “O
olmasın bu olsun”, musiqili komediyalarından səhnələr göstərilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblı da adı
çəkilən komediyalarda musiqili kompozisiya və rəqs nömrələri ilə
yaxından iştirak edib.
Konsert rəqs və aktyor heyətinin ifasında “Biz mehriban ailəyik”
mahnısı ilə başa çatıb.