Bakı. Günaydın:
Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli
Sərəncamı əsasında təsdiqlənmiş “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
(Strategiya) üzrə “Pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi üçün pensiya təminatı sisteminin
təkmilləşdirilməsi” tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbir
çərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismində
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının
Mərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi qeyd edilmişdir.
Bu sözləri Trend-ə müsahibəsində Mərkəzi Bankın baş direktoru Şahin
Mahmudzadə deyib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa,
Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi
öyrənilib və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair
ilkin qanunvericilik layihələri hazırlanıb: “Nəzərinizə çatdırırıq
ki, ölkədə effektiv qeyri-dövlət pensiya sisteminin qurulması və
işlərin operativ qaydada aparılmasının təmin edilməsi məqsədilə
Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr
aparılmaqdadır. Eyni zamanda, yuxarıda qeyd olunan məqsədə nail
olunmasına töhfə vermək üçün dövlət qurumları, Mərkəzi Bank və
Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri də
qarşılıqlı fəaliyyət göstərirlər.
<!—->
<!––>
Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, o
cümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi
istiqamətində işlər davam etdirilir”.
“Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədə
investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə
institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə
alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının
dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin
sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan
əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının
artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana
biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət
təsir göstərəcək”, – deyə Mərkəzi Bankın baş direktoru qeyd
edib.