Hyundai şirkəti Seulda keçirilən sərgidə Insteroid adlı konseptual elektromobilini təqdim edib. Bu model artıq seriya istehsalında olan kompakt Inster krossoveri əsasında hazırlanıb. Konsept elektromobil yarış simulyatorlarından ilham alıb və onun üzərində Hyundai şirkətinin Avropadan olan dizaynerlər komandası çalışıb. Onların məqsədi “oyun mədəniyyətinin təsirini geniş fərdiləşdirmə imkanları ilə birləşdirmək” olub. Insteroid modifikasiyaya məruz qalmış geniş kuzov detallarına, iri spoylerə, treklər üçün nəzərdə tutulmuş təkərlərə, böyük hava girişlərinə, təkər tağlarında ventilyasiya dəliklərinə, həmçinin minimalist interyerə sahibdir.

Salon futuristik cihaz paneli ilə təchiz olunub. Hyundai şirkətinin mətbuat relizində baş dizayner Eduardo Ramirez bildirib ki, Insteroid “arzuolunan avtomobil ideyasına müasir baxışdır.” Bundan əlavə, Hyundai Insteroid modelini özünün hazırladığı videooyunda da təqdim edəcək və bu oyun veb-brauzer vasitəsilə hər kəs üçün əlçatan olacaq. Avtomobil istehsalçısı ümid edir ki, Insteroid konsepti “artıq əsas bazarlarda satışda olan Inster modelinə əlavə maraq yaradacaq.” Cənubi Koreyada Inster bu ilin yayında Casper Electric adı ilə satışa çıxarılacaq, daha sonra isə Avropa və Asiyanın bəzi ölkələrində bazara daxil olacaq. Onun qiyməti təxminən 26 000$ olacaq.



Mənbə: The Verge