Bakı. Günaydın:
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi
atılan növbəti uğurlu addımla diqqətdədir. Dövlət başçısı İlham
Əliyevin martın 5-də Türkiyəyə işgüzar səfəri çərçivəsində
Prezident Rəcəb Tayyib Ərdoğan ilə İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılış mərasimində iştirak etmələri
hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. “Bir
millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin tarixi dostluqdan
strateji tərəfdaşlığa doğru atdıqları addımların xronologiyasına
diqqət yetirdikdə möhkəm təməlin, qarşılıqlı etimadın
münasibətlərin inkişafında böyük rol oynadığı daha aydın şəkildə
görünür. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir.
Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi
sahələrdə dərin əməkdaşlıq əlaqələri qurulub və uğurla davam edir.
1990-cı illərin sonlarından başlayaraq, xüsusən də
müstəqilliyimizin bərpasının ilk illərində Türkiyə Azərbaycana
siyasi və diplomatik dəstək göstərdi.
Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Türkiyə
ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini
xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş
etdirdi. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafını
şərtləndirən mühüm amillərdən biri hər iki dövlətin məhz ədalətə və
beynəlxalq hüquqa əsaslanan siyasət həyata keçirmələri, daim sülhə,
təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək hədəflərə nail olmaq
üçün birgə addımların atılmasının vacibliyini bildirmələridir.
Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində hər iki ölkənin
dövlət başçılarının qardaşlıq, dostluq münasibətləri daim
əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin “Bir
millət, iki dövlət”, Böyük Öndər Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
çağırışları bütün dövrlərdə bu münasibətlərin inkişafında yol
xəritəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda
Azərbaycan-Türkiyə qardaşlığının rəsmi şəkildə təsdiqi olan Şuşa
Bəyannaməsinin mahiyyətində də məhz bu kəlamlar əsas yer tutdu.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında iqtisadi
əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da
güclənir: “2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı
ticarət dövriyyəsi 8 milyard dollar olub. Ötən il artım dinamikası
davam edib. Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi
yatırımların həcmi isə 20 milyard dolları keçib. Bu rəqəmin
gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazda
ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya
enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə
istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri layihələri ilə dərinləşib. Bu layihələr yalnız
iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir.
Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm
rol oynayır.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixində önəmli bir gün
kimi dəyərləndirilən İğdır-Naxçıvan qaz xəttinin açılışı iki
ölkənin birgə reallaşdırdığı enerji layihələrinin tərkib
hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr
reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi
neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi,
eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün
Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin
enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz
ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı
Türkiyəyə olan ixracatdır. Türkiyədən başqa 10-u Avropa ölkəsi
olmaqla 11 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini
gücləndirir”.
Vüqar Rəhimzadə vurğulayıb ki, davamlı şəkildə güclənən
qardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafı
ölkələrimiz qarşısında duran problemlərin uğurla həllinə imkan
yaradır.
“Bu birliyin mühüm nəticələrindən biri də illərdir Ermənistanın
yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar
Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə
çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən
siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri
məhz bu məqsədə xidmət edir. İki dost və qardaş ölkələrin
videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin istismara
verilməsi mərasimində iştirakı bu birliyin enerji sektorunda yol
açdığı uğurların davamlılığından xəbər verir. 2018-ci ilin iyun
ayında TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimi
dəyərləndirmişdi. İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın
təbii qaz təminatını tam qarşılayacaq və bir mənbədən asılılığını
aradan qaldırmaq baxımından mühüm rol oynayacaq. Dövlət başçısı
İlham Əliyev mərasimdəki çıxışında da bu məqamı xüsusi vurğuladı.
Qeyd etdi ki, İğdır-Naxçıvan qaz xəttinin açılışı Naxçıvanın enerji
təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz
Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq
Naxçıvanı da bu problemdən xilas etmiş olacaq”, – o deyib.
Vüqar Rəhimzadə bildirib ki, iki dost, qardaş ölkənin birgə
həyata keçirdikləri enerji layihələri nəqliyyat layihələrinin də
reallaşmasına imkan yaratdı: “Belə ki, əhəmiyyətinə görə enerji
layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
həyata keçirildi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm də daha geniş
coğrafiya üçün mühüm üstünlükləri təmin edir. Xüsusilə türk
dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük
faydası vardır. Prezident İlham Əliyev vurğuladı ki, Türkiyə ilə
Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük
bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım,
hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə
həm Türkiyədə böyük uğurlar əldə edildi, həm türk dünyasının daha
da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər
zaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz
tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq
maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini
əsirgəmir”.
Milli Məclisin deputatı qeyd edib ki, İğdır-Naxçıvan qaz
kəmərinin açılışı mərasimi bir daha Türkiyə-Azərbaycan birliyinin,
dostluğunun, qardaşlığının əyani təzahürüdür. “Əminəm ki,
Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan
ayında bu mərasimi də bayram kimi qeyd edəcək” söyləyən dövlət
başçısı İlham Əliyev onu da qeyd etdi ki, inşaat işləri qısa
müddətdə başa çatdı və artıq bu gözəl mərasimdə iştirak edirik.
Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə qardaşlığının daha da
möhkəmlənməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə
çatdırıb. Bildirib ki, tarixi Zəfərimizdən sonra dünya istər
Azərbaycan-Türkiyə, istərsə də digər türk dövlətləri arasında
əlaqələrin daha sıx birləşdiyinin şahididir. Türk dünyasını böyük
ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev ötən il
prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə
mərasimində Azərbaycanın xarici siyasət uğurlarından, beynəlxalq
təşkilatlarla əlaqələrimizdən geniş bəhs edərək bu çağırışı etdi
ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam
etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək
istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın
göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu,
bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk
dünyasıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz
kəmərinin açılışı mərasimində iki qardaş ölkənin dostluğunu
möhkəmləndirən məqamlardan bəhs edərək bildirdi ki, Türkiyə və
Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə
ancaq sülh, əməkdaşlıq, hamımızın birlikdə inkişaf etməsini
istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq,
səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh,
rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata
keçirməkdə qətiyyətliyik.