Çinin qısa video xidməti TikTok 8 may tarixində TikTok Notes bölməsini bağlamağı planlaşdırır. Foto paylaşımı üçün nəzərdə tutulmuş bu tətbiq ötən il Kanada, Avstraliya və Vyetnamda test rejimində istifadəyə verilmişdi – və bir çox cəhətdən Instagram-ı xatırladırdı. TikTok Notes istifadəçilərinə platforma rəhbərliyinin tətbiqi bağlamaq qərarına gəldiyi barədə bildiriş göndərilib və onlara ByteDance şirkətinə məxsus digər bənzər xidmət olan Lemon8 tövsiyə olunub. “Biz məmnuniyyətlə TikTok Notes-dakı rəyləri Lemon8-ə köçürəcəyik və fotolar paylaşan və izləyən icmamız üçün xüsusi bir məkan yaratmağa davam edəcəyik. Bu da TikTok təcrübəsini tamamlayacaq və onu daha da yaxşılaşdıracaq” – deyə TikTok nümayəndəsi TechCrunch saytına bildirib.

Platforma rəhbərliyi tətbiqin bağlanması ilə bağlı konkret səbəb göstərməyib, lakin ehtimal olunur ki, TikTok Notes kifayət qədər böyük auditoriya qazana bilməyib və şirkət Lemon8 platformasını irəli çəkməyə qərar verib. Qeyd edək ki, 2024-cü ilin dekabr ayına olan məlumata görə, Lemon8 dünya üzrə 12.5 milyon aktiv istifadəçiyə malikdir. Tiktok Notes tətbiqinin bağlanması qərarının “asan verilmədiyi” istifadəçilərə bildirilib. Onlara tövsiyə olunub ki, öz materiallarını yükləyib saxlasınlar və sonra daha geniş imkanlara malik Lemon8 platformasında yaradıcılıqlarını paylaşmağa davam etsinlər. TikTok rəhbərliyi Lemon8 platformasını TikTok Notes üçün alternativ kimi göstərsə də, ByteDance-in atdığı addımlar bu tətbiqin ümumilikdə TikTok-a alternativ ola biləcəyini göstərir.

Çünki TikTok hələ də ABŞ-da bloklanma təhlükəsi ilə üz-üzədir. Lemon8 tətbiqi 2020-ci ildə Yaponiyada debüt edib və daha sonra ABŞ və Cənub-Şərqi Asiya bazarlarına daxil olub. Tətbiq həm Instagram, həm də Pinterest-i xatırladır – istifadəçilərə slayd-şoular və foto kolleksiyaları paylaşmağa və məzmun izləməyə imkan verir. Lemon8-də yaradıcı alətlər, filtrlər, effektlər, mətn şablonları və bir çox başqa imkanlar mövcuddur. Ötən ilin noyabr ayından Lemon8-ə TikTok hesabları ilə giriş imkanı açılıb və paylaşımların hər iki tətbiqdə paylaşılması funksiyası əlavə edilib. Bu addım, ABŞ-da TikTok-un bloklanması ehtimalına qarşı bir hazırlıq kimi atılıb. Son məlumatlara görə, bu bloklama artıq 5 aprel tarixində baş verə bilər.
Mənbə: Techcrunch