ABŞ prezidenti Donald Trump-ın yeni idxal rüsumlarının tətbiqini elan etməsindən sonra, “möhtəşəm yeddilik” adlandırılan şirkətlərin səhmlərinin dəyəri kəskin şəkildə azalıb. Ən çox zərər çəkən Apple olub, çünki bu şirkətin məhsulları Çində və digər Asiya ölkələrindəki zavodlarda istehsal olunur. iPhone istehsalçısının səhmləri 8%-dən çox ucuzlaşıb ki, bu da son 5 ilin rekord enişlərinə yaxındır. Şirkətin bazar dəyəri 250 milyard dollar azalıb. ABŞ-ın digər texnologiya nəhənglərinin səhmləri də ciddi şəkildə dəyər itirib. Meta Platforms və Amazon-un səhmləri 7%-dən çox, Tesla və NVIDIA-nın isə 5%-dən artıq ucuzlaşıb.
Qeyd edək ki, NVIDIA-nın yeni çipləri Tayvanda istehsal olunur, süni zəka sistemlərinin yığılması isə Meksika və digər ölkələrdə həyata keçirilir. Microsoft və Alphabet-in səhmləri isə təxminən 2% ucuzlaşıb. Yarımkeçirici məhsullar istehsal edən şirkətlərin səhmləri də Trump-ın tətbiq etdiyi tariflərin mənfi təsirini hiss edib. Belə ki, Marvell Technology, Arm Holdings və Micron Technology şirkətlərinin qiymətli kağızlarının dəyəri 8%-dən çox azalıb. Broadcom və Lam Research-un səhmləri təxminən 6%, AMD-nin isə 4%-dən çox ucuzlaşıb. Proqram təminatı hazırlayan ServiceNow və Fortinet şirkətlərinin səhmləri isə 5%-dən çox dəyər itirib.

Texnologiya şirkətlərinin səhmlərindəki bu eniş, ABŞ prezidentinin bütün idxal mallarına 10% rüsum tətbiq edəcəyini və bəzi ölkələr üçün daha yüksək tariflər müəyyənləşdirəcəyini elan etməsindən sonra qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar fonunda baş verən daha genişmiqyaslı bazar enişi ilə eyni vaxta təsadüf edib. Trump yeni tariflərin ABŞ-ın “iqtisadi müstəqillik bəyanatı” olacağını bildirib. ABŞ prezidentinin yeni bəyanatına əsasən, Avropa Birliyindən idxal olunan mallara tətbiq ediləcək gömrük rüsumları 20%, Çindən – 34%, Tayvandan – 32%, Yaponiyadan – 24%, Vyetnamdan isə 46% təşkil edəcək və s. Siyahıda Rusiya yoxdur, çünki ölkə ABŞ sanksiyaları altındadır və iki dövlət arasında rəsmi ticarət mövcud deyil. Çin Ticarət Nazirliyi artıq ABŞ-ı “bu birtərəfli məhdudlaşdırıcı tədbirləri dərhal ləğv etməyə” çağırıb və “qəti tədbirlər” görəcəyini bəyan edib.
Mənbə: CNBC