Bakı. Günaydın:
Prezident İlham Əliyevin Ankaraya işgüzar səfəri iki ölkə
arasında dostluq və qardaşlıq münasibətlərinin daha da
möhkəmlənməsi və yeni bir mərhələyə çıxmasına imkan verir.
Trend
xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova
deyib.
Deputat bildirib ki, səfər çərçivəsində İğdır-Naxçıvan qaz
kəmərinin açılışı iki qardaş ölkə arasında mühüm tarixi əhəmiyyətə
malik bir hadisədir:
“İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının
şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını
aradan qaldırmış olacaq ki, bu da qardaş ölkənin mühüm bir
töhfəsidir. Xatırladım ki, Azərbaycan və Türkiyə arasında
İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma
memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5
kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5
kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru
kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz
ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza
tələbatı tamamilə ödəniləcək”.
Deputat vurğulayıb ki, iki qardaş ölkənin birgə həyata keçirdiyi
layihələr regionun inkişafı baxımından olduqca önəmlidir:
“Bu layihələrdən Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə göstərmək
olar. Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılışında çıxışı zamanı bildirdi ki, “bu
gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu
çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha
geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu
nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası
var””.
Deputat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında
əlaqələrin möhkəmlənməsi və birgə layihələrin həyata keçirilməsi
ümumilikdə bütün Türk dünyası üçün vacib əhəmiyyət daşıyır.