Bakı. Günaydın:
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata
yaxın sığorta ödənişi nəzərdə tutulub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat
yayıb.
Bildirilib ki, məlum olduğu kimi, cari ilin 21 fevral – 2 mart
tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və
şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə
alınıb.
“Bildirmək istəyirik ki, sözügedən hadisələr nəticəsində
sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz
əmlaklara zərər dəymişdir.
<!—->
<!––>
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta
bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq
məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış
avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı
ümumilikdə 4 414 müraciət daxil olub.
Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta
növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş
vermiş hadisələr ilə əlaqədar olub.
Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal
olunan zərər məbləği 2 milyon 708 min 396 manat
həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər
qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün
müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi
mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə
üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək istəyirik ki, sığorta şirkətlərinə daxil olmuş
müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə
alınıb”, – qurumdan qeyd olunub.