Honor şirkəti qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor 400 Lite-dan gedir. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor 400 Lite 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412×1080 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

Smartfonun gövdəsi üstəlik IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7025 Ultra prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor 400 Lite özündə 108 MP-lik əsas arxa kamera ilə 16 MP-lik ön kameranı birləşdirir. Batreyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 5230 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 400 Lite-ın nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.