Cənubi Koreya alimləri torlu qişanın müxtəlif degenerativ xəstəlikləri səbəbilə görmə qabiliyyətini itirmiş insanlarda görməni bərpa etmək üçün təcrübi dərman təqdim ediblər. Klinik öncəsi modellərdə bu preparat uzunmüddətli perspektivdə yüksək terapevtik effekt göstərib, buna görə də müəlliflər gələcəkdə görmə itkisi riski yüksək olan insanlar üçün bu müalicənin uğurlu olacağına ümid edirlər. Statistikaya görə, dünyada 300 milyondan çox insan torlu qişanın müxtəlif degenerativ xəstəlikləri səbəbilə görmə qabiliyyətinin itirilməsi riski altındadır. Müasir tibbin imkanları bu xəstəliklərin yalnız inkişafını ləngitməklə məhdudlaşır, lakin itirilmiş görmə funksiyalarının bərpası üçün hələlik effektiv üsul mövcud deyil.

Koreya Elmi və Ən Yeni Texnologiyalar İnstitutunun alimləri tərəfindən hazırlanmış bu yeni təcrübi dərman, məhz belə xəstələr üçün potensial həll yolu ola bilər. Soyuqqanlı heyvanlarda torlu qişanın regenerasiya xüsusiyyətlərini araşdıran alimlər, məməlilərdə, o cümlədən insanlarda toxumanın bərpasını başlatmaq üçün bir mexanizm kəşf ediblər. Məlum olub ki, torlu qişada baş verən zədələnmələr Müller gliya hüceyrələrinin yeni neyronların yaradılması üçün sələf hüceyrələrinə çevrilməsinə səbəb olur. Lakin insanlarda bu mexanizm pozulub. Nəticədə torlu qişa daim zədələnir və bu da tədricən xəstəliklərin inkişafına gətirib çıxarır.
Sonrakı təcrübələr göstərdi ki, regenerasiya mexanizmini işə salmaq üçün torlu qişa neyronlarında aşkar edilən PROX1 zülalına təsir etmək vacibdir. Daha sonra alimlər gen terapiyasından – PROX1 zülalını neytrallaşdıran anticisimlərin çatdırılmasından – istifadə edərək piqmentli retinitdən əziyyət çəkən siçanlarda torlu qişanın regenerasiyasına və görmənin bərpasına nail oldular. Tədqiqat müəllifləri bu yeni yanaşmanın torlu qişa zədələnmələrindən əziyyət çəkən insanlar üçün böyük potensiala malik olduğunu bildirirlər. Onlar 3 il ərzində ilkin klinik tədqiqatlara başlamağı planlaşdırırlar.