Bakı. Günaydın:
Yaşıl taksonomiyalar nə üçün
lazımdır?
Beynəlxalq miqyasda yaşıl taksonomiyalar maliyyə sistemini
“yaşıllaşdırmaq” və maliyyə resurslarını dayanıqlı iqtisadi
fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir. Beynəlxalq
Kapital Bazarları Assosiasiyasına (ICMA) əsasən
yaşıl taksonomiyalar iqlim, ətraf mühit, sosial və ya dayanıqlı
məqsədlərə töhfə verən fəaliyyətlər, aktivlər, yaxud layihələri
müəyyən etmək üçün əvvəlcədən müəyyən edilmiş hədlərə əsaslanan bir
təsnifat vasitəsidir. Təmiz Hava Siyasəti Mərkəzinə
(CCAP) əsasən, dayanıqlı maliyyə
taksonomiyalarının bir alt kateqoriyası olan “yaşıl taksonomiyalar”
dayanıqlı sərmayələr üçün dəqiq milli standartlar müəyyən etməklə,
təmiz enerji, innovativ texnologiyalar və dayanıqlı infrastruktur
daxil olmaqla, aşağı-karbonlu həllərə özəl kapitalın
yönləndirilməsini təşviq edir.
Yaşıl taksonomiyalar strateji əhəmiyyət kəsb edən əsas
mexanizmlərdən birinə çevrilərək və maliyyə dayanıqlığının
təşviqində kritik alət kimi çıxış edərək, aşağıdakı əsas məqsədlərə
xidmət edirlər:
- Taksonomiyalar “yaşıl yuma” (greenwashing)
riskinin qarşısının alınmasına kömək edir; - Taksonomiyalar investorların məlumatlı və
əsaslandırılmış investisiya qərarları vermələrinə dəstək olur; - Taksonomiyalar maliyyə axınlarının davamlı və
ya yaşıl iqtisadi fəaliyyətlərə və aktivlərə yönəldilməsini təmin
edir.
Təmiz Hava Siyasəti Mərkəzinin (Center for Clean Air Policy –
CCAP) 2024-cü il üçün açıqladığı məlumatlara əsasən (bax: Şəkil 1),
hazırda 53 ölkədə yaşıl taksonomiyalar mövcuddur və müzakirə
mövzusudur. Bunlardan 24 yurisdiksiyada yaşıl taksonomiya artıq
qəbul edilib, 24 yurisdiksiyada hazırlanma mərhələsindədir, 5
yurisdiksiyada isə planlaşdırma prosesi davam edir.
Şəkil 1: Davamlı Maliyyə Taksonomiyalarının qlobal
mənzərəsi, 2024, Təmiz Hava Siyasəti Mərkəzi – Center for
Clean Air Policy (CCAP)
Mərkəzi Bankın Yaşıl Taksonomiyası
Mərkəzi Bankının Yaşıl Taksonomiyası
(“Taksonomiya”) Azərbaycan Respublikası Mərkəzi
Bankının təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının)
nümayəndələrinin iştirakı və Dünya Bankı ekspertlərinin dəstəyi ilə
hazırlanmışdır və 2024-cü il 7 noyabr tarixində Mərkəzi Bank
tərəfindən təsdiqlənmişdir.
Taksonomiya həm maliyyə, həm də qeyri-maliyyə bazarı
iştirakçıları və maraqlı tərəflər üçün fəaliyyətin, layihələrin,
aktivlərin və ya portfelin ölkənin, eləcə də dünyanın ekoloji və
dayanıqlılıq məqsədlərinə uyğunluğunu qiymətləndirmək və açıqlamaq
üçün istiqamətləndirici çərçivə rolunu oynayır.
Taksonomiyanın istifadəsi və ona uyğunluğun təmin edilməsi
könüllüdür və onun subyektləri üçün tövsiyə xarakteri daşıyır. Eyni
zamanda, tənzimləyici dövlət qurumları müvafiq sahə üzrə dövlət
siyasətlərini həyata keçirərkən Taksonomiyaya uyğun fəaliyyətləri
uyğunluq meyarı kimi istifadə edə bilər; həmçinin dövlətə məxsus və
ya özəl müəssisələr özlərinin korporativ məqsədləri (məsələn,
xarici ölkəyə məhsul ixracı, xarici mənbələrdən maliyyə
resurslarının cəlb edilməsi və s.) çərçivəsində könüllü qaydada
fəaliyyətlərini Taksonomiyanın şərtlərinə uyğunlaşdıra bilər.
- Taksonomiyanın əsas məqsəd və
prinsipləri
Taksonomiya, iqlim dəyişikliyinin mitiqasiyasından
başlayaraq, iqlim dəyişikliyinə adaptasiya, su və dəniz
ehtiyatlarının dayanıqlı idarə olunması və qorunması, dairəvi
iqtisadiyyata keçid, çirklənmənin qarşısının alınması və ona
nəzarət, həmçinin biomüxtəlifliyin və ekosistemlərin mühafizəsi və
bərpasına qədər bir sıra strateji məqsədləri
hədəfləyir. Taksonomiyada onun aktuallığını, effektivliyini, milli
və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğunluğunu təmin etmək
üçün aşağıdakı prinsiplər rəhbər tutulur:
<!—->
<!––>
- milli prioritetlərə uyğunlaşma – Taksonomiya milli
qanunları, siyasətləri və qaydaları özündə birləşdirərək, ölkənin
iqlimini, ətraf mühiti və dayanıqlı inkişaf məqsədlərini holistik
şəkildə əks etdirir - beynəlxalq öhdəliklərə uyğunlaşma – Taksonomiya
ölkənin beynəlxalq öhdəliklərini, o cümlədən Paris Sazişi və Milli
Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), eləcə də Birləşmiş
Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi
qlobal çərçivələrini özündə ehtiva edir; eyni zamanda hər bir
sektorun əhatə etdiyi SDG-ləri müəyyən edir. - dayanıqlılıq məqsədlərinə mühüm müsbət töhfələrin təmin
edilməsi və zərərin qarşısının alınması – Taksonomiyada dəqiq
ekoloji məqsədlər, müvafiq fəaliyyətin “əhəmiyyətli töhfə
vermə” prinsipi vasitəsilə məqsədlərə əhəmiyyətli müsbət
töhfələr verməsi, habelə “əhəmiyyətli zərər verməmə”
prinsipi vasitəsilə digər məqsədlərə heç bir zərər vurulmaması və
“minimum sosial təminatlar” (insan hüquqlarına hörmət;
əmək hüquqlarının qorunması; işçilərə ədalətli münasibət)
prinsipləri vasitəsilə sosial məqsədlərin həllinə yönəldiyi
vurğulanır. - qlobal səviyyədə digər taksonomiyalarla qarşılıqlı əlaqənin
təmin edilməsi – Taksonomiya beynəlxalq kapitalın
sərhədlərarası axınını təmin etmək üçün digər taksonomiyalarla
müqayisəyə və qarşılıqlı fəaliyyət göstərməyə prioritetlik
verir. - müntəzəm təhlillərin aparılması – Taksonomiyanın
gələcəkdə yenilənməsi zamanı və tam “yaşıllaşdırılması” üçün
“keçid” fəaliyyətlərin daxil edilməsi nəzərdə tutulur.
- Taksonomiya üzrə müəyyən edilmiş
sektorlar
Taksonomiya ətraf mühit və dayanıqlıq məqsədlərə, eləcə də
ölkənin sosial iqtisadı inkişafına töhfə verən əsas on
sektoru (bərpa olunan enerji, enerji səmərəliliyi, su
resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının
alınması və çirklənməyə nəzarət; yaşıl nəqliyyat; dayanıqlı kənd
təsərrüftatı, heyvandarlıq və akvakultura; biomüxtəlifliyin
mühafizəsi; dairəvi iqtisadiyyat və tullantıların idarə olunması;
yaşıl binalar və dayanıqlı tikinti; və yaşıl xidmətlərdir)
müəyyən edir. Bu yanaşma, ölkənin dayanıqlı inkişaf prioritetlərinə
uyğun fəaliyyətlərin effektiv qiymətləndirilməsini və təşviqini
təmin edir. Taksonomiya hər bir sektor üzrə müvafiq ölçülərin və ya
spesifikasiyaların daha da genişləndirilməsini nəzərdə tutur,
habelə müvafiq sahədə milli standartların, siyasətlərin və ya
qaydaların mövcud olmadığı hallarda, müvafiq qlobal təcrübələrə və
ölkə nümunələrinə istinad edilməsini nəzərdə tutur.
- Taksonomiyanın istifadəçiləri:
Taksonomiyanın əsas hədəf istifadəçiləri (subyektləri)
maliyyə bazarları iştirakçılarıdır:
- banklar və bank olmayan kredit təşkilatları, kredit
ittifaqları; - fond bazarı iştirakçıları – investisiya şirkətləri, investisiya
fondları və investisiya fondlarının idarəçiləri; - sığorta bazarının peşəkar iştirakçıları;
- kredit büroları və klirinq təşkilatları;
- Mərkəzi Bankın nəzarət etdiyi digər subyektlər – ödəniş
təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri
operatorları.
Taksonomiyadan istifadə edə bilən ikinci dərəcəli iştirakçılar
dövlət orqanları, dövlət müəssisələri və qeyri-hökumət
təşkilatları, audit, verifikasiya və sertifikatlaşdırma xidməti
göstərən xidmət təminatçıları və digər hüquqi şəxslərdir.
- Taksonomiyadan istifadə istiqamətləri:
- şirkətlər tərəfindən özlərinin biznes fəaliyyətlərinin
Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun
ictimaiyyətə açıqlanması; - şirkətlər tərəfindən korporativ yaşıl və dayanıqlı keçid
strategiyalarının hazırlanması; - yaşıl investisiya imkanları axtaran investorları cəlb etmək
üçün nəzərdə tutulan layihənin taksonomiyanın meyar və
prinsiplərinə uyğunluğunun nümayiş edilməsi; - aktiv sahibləri tərəfindən maliyyələşdirdikləri fəaliyyətlərin
Taksonomiya meyarlarına və prinsiplərinə uyğunluğunun təmin
olunması; - investorlar tərəfindən müsbət ekoloji nəticələr yaratmağı
hədəfləyən dayanıqlı investisiyaların nəzərdən keçirilməsi və
müəyyən edilməsi; - dövlət büdcəsi vəsaitlərinin istifadəsinin yaşıl keçid və
dayanıqlılıq məqsədləri ilə uyğunlaşdırılması; - ölkədə sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək
fondlarının vəsaitlərinin ekoloji və dayanıqlılıq məqsədlərini
dəstəkləyən layihələr və fəaliyyətlərə istiqamətləndirilməsi.
- Yaşıl fəaliyyət kimi tanınmağın əsas şərtləri
nədir?
Taksonomiyaya əsasən hər hansı fəaliyyətin yaşıl fəaliyyət kimi
tanınması üçün o müvafiq üç mərhələlərdən keçməklə əsas şərtlərə
cavab verməlidir.
1-ci mərhələdə ətraf mühit məqsədlərinə əhəmiyyətli
töhfə verilməsi – fəaliyyət ilk növbədə bir və ya bir neçə
ekoloji məqsədə əhəmiyyətli töhfə verdiyini nümayiş etdirilməlidir
(məsələn, ənənəvi enerji mənbələrinin bərpa olunan enerji ilə əvəz
edilməsi və ya tullantı sularının təmizlənməsi kimi
təşəbbüslər).
2-ci mərhələdə Ətraf Mühit Zərərsizliyi (ƏZV)
prinsipinin təmin olunması – fəaliyyətin icrası zamanı bir
ekoloji məqsədə töhfə verərkən digər ekoloji məqsədlərə zərər
vurulmasına yol verilməməlidir (məsələn, enerji səmərəliliyi
təşəbbüsləri zamanı hava və ya su çirklənməsinin artırılmaması
təmin edilməlidir).
3-cü mərhələdə Müxtəlif Sosial Tələblər (MST) prinsipinə
riayət etmə – Taksonomiyaya uyğunlaşdırılmış yaşıl
fəaliyyətlər insan hüquqlarına və əmək standartlarına riayət
etməlidir. MST iqtisadi fəaliyyətlərin ekoloji məqsədlərə töhfə
verərkən, etik və inklüziv sosial təcrübələri də dəstəkləməsinə
kömək etməlidir (məsələn, meşəsalma layihələri yerli icmaları cəlb
etməli və yerdəyişməyə səbəb olmadan onların hüquqlarını
qorumalıdır və/və ya yaşıl texnologiya təchizat zəncirləri
təhlükəsiz iş şəraitini təmin etməli və əməyin istismarının
qarşısını almalıdır).
- Sektorlar üzrə qiymətləndirmə meyarları
hansılardır?
Taksonomiya sektorlar üzrə qiymətləndirmə meyarlarının detallı
təhlilini təqdim edir və hər bir sektor üçün Texniki Baxış
Meyarları (TBM), ƏZV və MST əsasında qiymətləndirmə meyarları
müəyyən edir. Bu meyarlar sektorların Taksonomiyaya uyğunluğunu
qiymətləndirmək üçün alət rolunu oynayırlar. Belə ki, sektorun
“yaşıl” kimi təsnif edilməsi üçün ilk növbədə TBM-ə, ƏZV və MST
prinsiplərinə uyğun olmalıdır. Daha sonra müvafiq sektorun
Taksonomiyaya uyğunluğu altı mərhələ üzrə həyata
keçirilməlidir:
- sektorun dəqiq müəyyən edilməsi
- iqtisadi fəaliyyət növləri təsnifatı (NACE) kodunun təyin
edilməsi və uyğunluğun təsdiqlənməsi - meyarların tələblərini anlamaq üçün spesifik nümunələrin və
müvafiq təcrübələrin nəzərdən keçirilməsi - texniki standartlara uyğunluğun qiymətləndirilməsi
- ƏZV və MST prinsiplərinə uyğunluğun qiymətləndirilməsi
- layihənin texniki standartlara və prinsiplərə uyğunluğunu
təsdiqləyən sənədlərin sistemli hazırlanması.
Son olaraq vurğulamaq lazımdır ki, Mərkəzi Bankın Yaşıl
Taksonomiyası Azərbaycanın dayanıqlı və yaşıl iqtisadiyyata
keçidini dəstəkləyən strateji bir alətdir. Bu Taksonomiya iqtisadi
fəaliyyətlərin ətraf mühitə və sosial rifaha müsbət təsirini təmin
etməklə, bazar iştirakçılarını, o cümlədən biznesləri milli və
beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğun hərəkət etməyə təşviq
edir. Mərkəzi Bankın bu təşəbbüsü ölkənin qlobal iqlim və
dayanıqlılıq problemlərinin həllindəki mövqeyini möhkəmləndirir və
uzunmüddətli ekoloji və sosial faydaları təmin edir.
Leyla Sadıxova,
Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq
Reytinqlər üzrə Komissiyasının ESG standartları üzrə altqrupunun
üzvü, CSRD Sertifikatlaşdırılmış ESG eksperti