Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C71-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO C71 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640×720 piksel keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Bununla yanaşı POCO C71-in gövdəsi IP52 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir. Smartfon Unisoc T7250 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 64/128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 32 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO C71 yaxın günlərdə Hindistanda satışa çıxacaq və onun qiyməti 76$-dan start götürəcək. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena