Bakı. Günaydın:
Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik
etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub.
Bu barədə Trend-ə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat
verilib.
Mərkəzi Bankın sədri Taleh Kazımov Gürcüstan Milli Bankının
nümayəndə heyətini qəbul edib. Görüşdə bir sıra istiqamətlərdə
mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində
əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş
sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin
tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının
tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi
aparılıb.
<!—->
<!––>
Görüşün sonunda Mərkəzi Bank ilə Gürcüstan Milli Bankı arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti,
bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları
sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum
çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və
birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi
məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də
nəzərdə tutulub.
İmzalanmış memorandum hər iki ölkənin mərkəzi bankları arasında
əməkdaşlığın daha da möhkənlənməsinə xidmət edəcək, həm mərkəzi
bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun
inkişafına öz töhfəsini verəcəkdir.