Bakı. Günaydın:
Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor
təyinatı olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə
əsasən, Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatra direktor
təyin edilib.
Aqil Bəhramlı 15 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub.
1991–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin
Ümumi iqtisadiyyat fakültəsində, 2015–2020-ci illərdə isə K.Karaqo
adına Kiyev Dövlət Teatr, Kino və Televiziya Universitetində teatr
işinin təşkili və idarəçiliyi ixtisası üzrə təhsil alıb.
1993–2003-cü illərdə Azərbaycan Ensiklopediyası nəzdində “Xəmsə”
kiçik dövlət müəssisəsində, 2003– 2009-cu illərdə Milli İncəsənət
Muzeyində çalışıb.
<!—->
<!––>
O, 2010–2020-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında direktor müavini , 2021-ci ildən son təyinatadək Gəncə
Dövlət Milli Dram Teatrında direktor vəzifələrində çalışıb. 2024-cü
ildə Azərbaycan milli teatrının inkişafındakı səmərəli fəaliyyətinə
görə Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq
görülüb.
A.Bəhramlı müxtəlif illərdə Türkiyə, Gürcüstan və Rusiya
Federasiyasının bir sıra vilayətlərində keçirilən beynəlxalq teatr
festivallarında fəxri qonaq və ya münsiflər heyətinin üzvü qismində
iştirak edib. Gəncə teatrına rəhbərlik etdiyi dövrdə yaradıcı
kollektiv Türkiyə, Gürcüstan, Portuqaliya və Litvada beynəlxalq
teatr festivallarında yerli və xarici müəlliflərin əsərləri
əsasında hazırlanan tamaşalarla Azərbaycan teatrını uğurla təmsil
edib.