Bakı. Günaydın:
Azərbaycanın “Avroviziya 2025” mahnı müsabiqəsindəki təmsilçisi
olan Mamagama qrupu, Niderlandın paytaxtı Amsterdamda keçirilən
ənənəvi “Eurovision in Concert” tədbirində ilk dəfə canlı çıxışını
gerçəkləşdirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, “Mamagama” qrupu, səhnədə “Avroviziya 2025” üçün təqdim etdiyi
“Run With U” adlı mahnısını canlı şəkildə ifa edib.
Konsertdən əvvəl keçirilən mətbuat konfransında isə qrup,
müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını
cavablandıraraq, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi
mesajları haqqında ətraflı məlumat verib. Eyni zamanda, təmsilçilər
digər iştirakçılarla tanış olub və müsabiqə öncəsi münasibətlər
qurublar.
<!—->
<!––>
Hər il keçirilən və Avroviziya mövsümünün simvolik
tədbirlərindən biri sayılan “Eurovision in Concert”, təmsilçilərə
geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını
sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı verir. Bu il
tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib.
Tədbirin təşkilatçılarına görə, bu il “Eurovision in Concert”
üçün 6000-dən artıq bilet satılıb. Əsas auditoriyanı Avropanın
müxtəlif ölkələrindən gəlmiş Avroviziya azarkeşləri təşkil
edib.
Xatırladaq ki, “Avroviziya 2025” mahnı müsabiqəsi bu il
İsveçrənin Bazel şəhərində keçiriləcək və Mamagama qrupu may ayında
baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə
alacaq.