Bakı. Günaydın:
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və
Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə
bağlı vəsait ayrılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış
məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və
Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri
məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1,5 milyon (bir milyon beş yüz min)
manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin
davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etməlidir.