Bakı. Günaydın:
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan
silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali
hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı
Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, o,
ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin
Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun
tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı
vuruşduğunu bildirib.
D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində
aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis
İdarəsində qeydiyyatdadır.
O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı
ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20
metr aralıda olduğumdan xəsarət almadım”.
Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı
əməkdaşlıq etdiyini də söyləyib.
Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi
zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib.
“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür
edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, – deyə o
əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam edir.