Bakı. Günaydın:
Bakı Kitab Mərkəzində Azərbaycanın təhsili və mədəniyyətinin
inkişafında misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy
Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat
verilib.
Bildirilib ki, Həbib bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəli
Texniki Humanitar liseyin təşkilatçılığı ilə keçirilən yubiley
tədbirində ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət
xadimləri, təhsil işçiləri, Milli Məclisin deputatları, liseyin
məzunları və pedaqoji kollektivinin üzvləri iştirak ediblər.
Əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı və pedaqoji-maarifçi
fəaliyyətlərindən bəhs edən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər – AMEA-nın Riyaziyyat və Mexanika
İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar İttifaqı
idarə heyətinin sədri Elbay Qasımzadə, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri Anar İsgəndərov, xalq artisti Nurəddin
Mehdixanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə
Hüseynova, 2 nömrəli Texniki Humanitar liseyinin direktoru Turanə
Məcidli, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyətinin
tədqiqatçısı Filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli 160
illik yubileyi qeyd edilən Həbib bəy Mahmudbəyovun həyatı və
pedaqoji fəaliyyətindən danışıblar.
<!—->
<!––>
Qeyd edilib ki, Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti
yalnız öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər üçün də
önəmli bir ilham mənbəyidir. Həbib bəy Mahmudbəyov 1887-ci ildə
Sultanməcid Qənizadə ilə bir yerdə ilk rus-müsəlman məktəbini
yaradırlar. Həyatı boyunca böyük ictimai maarifləndirmə fəaliyyəti
ilə məşğul olan Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinin
inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal
iştirakçılarından olub. Bakı şəhər dumasının qlasnısı və məktəb
komissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan müəllimlərinin
Birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak
edərək qurultaya sədrlik edib. Bakıda Ali Pedaqoji İnstitut
yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, həm də
gecə kursları təşkil edib. Həbib bəy Mahmudbəyov elm və təhsillə
yanaşı Azərbaycanda teatrın inkişafında da böyük xidmətlər
göstərib, ilk peşəkar teatr truppasının rəhbəri olub.
Çıxış edənlər Azərbaycanın təhsili və mədəniyyətinin inkişafında
misilsiz xidmətləri olan, maarifçi və ziyalı Həbib bəy
Mahmudbəyovun irsinin təbliği və tanınması istiqamətində gördükləri
işlərə görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci xanım
Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Böyük şəxsiyyətin nəslinin nümayəndəsi Eldar Əzizov ulu babası
haqqında öz fikirlərini iştirakçılarla bölüşərək yubiley tədbirinə
görə öz təşəkkürünü bildirib.
Tədbirdə əməkdar rəssam Rza Afşar müəllifi olduğu Həbib bəy
Mahmudbəyovun portretini liseyin kollektivinə hədiyyə etdi.
Tədbirdə Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən biri olan
“Hacı Qara” əsərindən kiçik bir səhnə təqdim edilib, musiqiçilərin
ifasında klassik mahnılar səsləndirilib.