ABŞ-ın aerokosmik şirkəti SpaceX və NASA Fram2 adlı özəl missiyanı uğurla başa çatdırıblar. Bu missiya çərçivəsində dörd nəfərlik ekipajla Crew Dragon kosmik gəmisi tarixdə ilk dəfə olaraq qütb orbitinə çıxıb. Astronavtlarla birlikdə kapsul Kaliforniya sahilləri yaxınlığında Sakit okeana eniş edərək Yer qütbləri üzərindən 3 gündən çox davam edən uçuşu başa vurub. “Bizdə Dragon kosmik gəmisinin uğurlu enişi ilə bağlı təsdiq var. Dragon Fram2 ekipajı ilə birlikdə evə qayıtdı” – deyə SpaceX nümayəndəsi enişin canlı yayımı zamanı bildirib. Fram2 missiyası Maltalı kriptovalyuta milyarderi Chun Wang tərəfindən maliyyələşdirilib.

O, eyni zamanda ekipajın komandiri olub. Onunla birlikdə kosmik səyahətə norveçli kinorejissor Yannike Mikkelsen, almaniyalı Rabea Rogge və Eric Phillips qatılıblar. Fram2 missiyası bir neçə gün əvvəl astronavtların Floridadakı Kennedi Kosmik Mərkəzindən Falcon 9 daşıyıcı raketi ilə start götürməsi ilə başlayıb. Kosmosda olduqları müddətdə Fram2 ekipajı 22 elmi təcrübə həyata keçirib. Onlardan biri çərçivəsində kosmosda insanın ilk rentgen görüntüsü çəkilib. “MushVroom” adlı başqa bir təcrübədə mikroqravitasiya şəraitində göbələklərin necə inkişaf etdikləri öyrənilib. Astronavtların Yerə qayıdışından sonra isə insan orqanizminin bərpa proseslərinin araşdırılmasına yönəlmiş daha bir təcrübə aparılıb.
Mənbə: Space.com