Bakı. Günaydın:
Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram
Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal
alan” tamaşası ənənəvi olaraq səhnəyə qoyulub.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Türkmənistandakı
Səfirliyindən məlumat verilib.
Vurğulanıb ki, Türkmənistanda klassik Azərbaycan ənənələri
yaşamaqda davam edir. Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında
bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə
və bütün dünyada doğumunun 140 illiyi qeyd olunan dahi bəstəkar
Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası
teatrsevərlərin görüşünə gəlib.
<!—->
<!––>
Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad
səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla
qarşılanıb. Tamaşanı izləyən Azərbaycanın Türkmənistandakı
Səfirliyinin kollektivi və onların ailə üzvləri axşamın sonunda
sənətçilərlə görüşüb, onlara gül dəstələri təqdim etmişlər.
Qeyd olunub ki, “Arşın mal alan” tamaşası Türkmənistanın
mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif
teatrlarda səhnəyə qoyulur, 1980-ci illərdən isə etibarən bu əsər
Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq
tamaşaya qoyulur. Əsər həm yerli, həm də xarici tamaşaçılar
tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər
tərəfindən yüksək qiymətləndirilir.