Bakı. Günaydın:
6 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər
üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında video-konfrans formatında
ilk konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi
Emil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela Bolivar
Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin
Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez
Hernandez rəhbərlik edib.
Görüşdə Azərbaycan Respublikasının Venesuela Bolivar
Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev,
Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında
fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez iştirak
ediblər.
Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Venesuela
Bolivar Respublikası arasında konsulluq sahəsində əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli
müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə
edilib.
Eyni zamanda, məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluq
xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin
aparılmasının əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, ölkələrimiz arasında miqrasiya, əmək, sosial
müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən
keçirilib.