ABŞ Prezidenti Donald Trump-ın başladığı ticarət müharibəsi fonunda, Apple, Microsoft, Alphabet, Amazon, NVIDIA, Tesla və Meta şirkətlərindən ibarət olan “möhtəşəm yeddilik” adlandırılan qrupun səhmlərinin dəyəri azalmağa davam edir. ABŞ-a idxal olunan mallara yeni ticarət rüsumlarının tətbiqindən bu yana, adı çəkilən şirkətlər ümumilikdə təxminən 2 trilyon dollar bazar dəyəri itkisi ilə üzləşiblər. Texnologiya nəhənglərinin səhmləri aşağı düşməyə başlayıb, buna səbəb isə ABŞ prezidentinin ötən həftənin sonunda onlarca ölkədən idxal olunan mallara əlavə ticarət rüsumları tətbiq edəcəyini elan etməsidir. Maraqlıdır ki, ötən ilin sonlarında pik səviyyəyə çatdıqları andan bu günə qədər “möhtəşəm yeddilik” şirkətlərinin ümumi bazar dəyəri 6 trilyon dollardan çox azalıb.

Elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmlərinin dəyəri 7% azalaraq 223 dollara düşüb. Apple, Alphabet və Microsoft-un səhmləri isə illik minimum səviyyələrinə enib – müvafiq olaraq 175, 143 və 345 dollar. iPhone istehsalçısının səhmləri 4.8% ucuzlaşıb, digər texnologiya nəhənglərinin səhmlərinin dəyəri isə 1.5%-dən 4.8%-ə qədər azalıb. Bu şirkətlər qrupu, S&P 500 indeksinin son iki ticarət sessiyasında itirdiyi 5 trilyon dollardan çox bazar dəyərinin əsas hissəsini təşkil edir. Wedbush analitikləri qeyd edirlər ki, Apple ABŞ texnologiya şirkətləri arasında Çin mallarına tətbiq olunan yeni idxal rüsumlarının mənfi təsirinə ən çox məruz qalan şirkətdir, çünki iPhone-ların böyük hissəsi Çində yığılır.

Ticarət müharibəsi həmçinin Tesla-nın problemlərini daha da ağırlaşdıracaq. Şirkət artmaqda olan böhranla mübarizə aparmağa davam edir və bu vəziyyətin daha da kəskinləşməsində avtomobil istehsalçısının baş direktoru Elon Musk-ın Trump-ın əsas tərəfdarlarından biri olması mühüm rol oynayır. Bu fonda Wedbush analitiki Dan Ives, Tesla-nın bir səhmi üzrə hədəf qiymət proqnozunu 550 dollardan 315 dollara endirib. Bununla belə, onun yeni hədəf qiyməti hələ də avtomobil istehsalçısının son ticarət qiymətindən 100 dollar yüksəkdir. Apple ilə bağlı isə analitik proqnozunu 75 dollar azaldaraq 250 dollara endirib və bildirib ki, yeni rüsumlar texnologiya nəhəngi üçün “tam bir fəlakət”ə çevrilib. Çox güman ki, şirkət ABŞ-da satılan iPhone-ların qiymətini artırmaq məcburiyyətində qalacaq.